Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Həqiqi alimlik səlahiyyətilə... - Sara Osmanlı

05-10-2022 [ 11:40 ] [ oxunub:103 ]
A+ | A-

     "Ədəbi-nəzəri fikir öz tarixi mərhələsində klassikanın müstəvisində imtahan verməli olur".

Şirindil Alışanlı

    Kitab formatında çap olunan elmi nəşrlər, bir qayda olaraq monoqrafiya, kollektiv monoqrafiya, məcmuə (bir və yaxud bir neçə müəllifin məqalələrindən ibarət toplu) şəklində işıq üzü görür.

Hazırki yazıda filologiya elmləri doktoru, professor Şirindil Alışanlının yaxınlarda çapdan çıxan "Sözün yaşamaq haqqı" adlı kitabına mətbuat səhifələrindən ədəbi ictimaiyyətə tanış olan məqalələri, esseləri, ədəbi tədbirlərdə çıxışlarının mətnləri, geniş müsahibələri, müvafiq açıq məktubları daxil edilmişdir. Belə müxtəlif "janrlı" yazıların bir kitaba daxil edilməsi, eklektik toplu təəssüratı yaranmamasının səbəbi, birinci növbədə, Şirindilin alimlik səviyyəsinə bələd olanların apriori əminliyidir. Eyni zamanda məqalələrin, yazıların seçimi ilə bağlı meyardan kitabın düşünülmüş adı xəbər verir: "Sözün yaşamaq haqqı"! Həqiqətən kitabla tanışlıq müəllifin müxtəlif illərdə səsləndirdiyi əksər mühakimələrinin vahid elmi mövqeyə xidmət etdiyi haqda qənaətə gəlməyə imkan verir: söz ustadlarının bədii, elmi fikrinin yaşam ömürləri, yaşarlığının meyarı. Hazırki dəyişən dünyada dəyərini qoruyan söz sərvətimiz haqqında söhbət.

   İndi isə bu kitab haqqında yazımızın asan olmayan seçim qarşısında olduğu "vəziyyəti" haqda. Sözü gedən kitabda sayı 41-ə çatan müxtəlif səpgili yazılardan korifey alimlərimizdən Mir Cəlal, Həmid Araslı, Məmməd Cəfər, Yaşar Qarayev, Teymur Əhmədov, Qəzənfər Paşayevin, korifey ədiblərimizdən - Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifə həsr olunmuş məqalələr üzərində dayanmağı qərar tutduq. Aydındır ki, bunların dəyərləndirilməsində yeganə produktiv üsul reprezentativ yanaşmayla bağlıdır, həm də belə seçim təsviri annotasiya sindromundan xilas edir.

   Kitabdakı məqalələrin predmetini şərti olaraq iki hissəyə bölmək olar: ədiblərin və ədəbiyyatşünasların yaradıcılığı. Sözsüz ki, söhbət səlahiyyətli qələm sahiblərindən gedir.

   Növbəti seçimimiz kitab müəllifinin dəyərləndirilmələrində əsas meyar məhz sözün yaşarlığını təmin edən dominant xüsusiyyətlərə yönələn yanaşma prinsiplərini ehtiva edir ki, bunlar: 1) tarixilik prinsipi: əsərin yarandığı siyasi-ictimai gerçəklik şəraitinin nəzərə alınması; 2) milli prioritetlərin ifadəsi; 3) bədii (elmi) sözün dəyəri və təsir gücü (bədii ədəbiyyata aidiyyətdə bu, sözsüz, birinci meyardır); 4) bədii ədəbiyyata aidiyyətdə həm də üslub fərdiliyi.

    Mir Cəlal, Həmid Araslı, Məmməd Cəfər, Yaşar Qarayev kimi korifeylər haqqında məqalələrlə tanışlıq bu alimlərin elmi irsinin yaşarlığını təmin edən nəzəri fikrin uzaqgörənliyi; ədəbiyyat tarixçiliyinin dövrləşdirmə prinsiplərini ictimai formasiyaların təkamülü ilə bilavasitə şərtləndirildiyi ilə deyil, ədəbi gedişatın immanent qanunauyğunluqlarına istinadla müəyyənləşdirməyi; Azərbaycan ədəbiyyatında bədii metod, onun tipologiyası və əlaqələri və s. Şəksiz ki, sözü gedən alimlərin yaradıcılığında qeyd olunan prioritetlərin reallaşması ilə bağlı şərhlərdə müəyyən fərdiliklər də nəzərə alınır.

   Böyük Səməd Vurğunun "filosof-tənqidçi" adlandırdığı Məmməd Cəfərin hələ 60-70-ci illərdəki əsərlərində ədəbiyyat tarixçiliyi konsepsiyasının əsasında bədii fikrin təkamülünə söykənməsi hər dövrün "ictimai-fəlsəfi təsisatlar sistemi zəminində", həm də dünya ədəbi-tarixi prosesin daxili qanunauyğunluqları kontekstini nəzərə alınması indiyə kimi bu vacib sahədə yekdil mövqenin yoxluğu şəraitində öyrəniləsi nümunə kimi dəyərləndirilir.

  Ədəbiyyat tarixçiliyində islam mədəniyyətinin ortaq türk qaynaqlarının (müvafiq tapıntılar əsasında) nəzərə alınmasının vacibliyi məsələsini hələ Həmid Araslı tərəfindən irəli sürüldüyü və sonralar konsepsiya səviyyəsində Yaşar Qarayev tərəfindən işlənməsi xüsusi qeyd olunur. Yaşar Qarayevin "Tarix: yaxından və uzaqdan" əzəmətli tədqiqatında təqdim olunan ədəbiyyatın nəzəri tarixinin (kursiv bizimdir - S.O.) mükəmməl nümunəsinin ortaya qoyulması ilə, həm də bu "vacib proyektin son nəşri olan "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillərdə reallaşdırılması"na xüsusi yer verilir. Təqdim olunan konsepsiyanı dəyərləndirərkən Ş.Alışanlı xüsusən ilk inkişaf mərhələsinin ortaq türk dəyərləri konteksində götürülməsini "qədim türk sivilizasiyanın Azərbaycan ədəbi düşüncəsinin də beşiyi olduğu"nu əsaslı dəlillərlə açıqlandığını qeyd edir. Belə yanaşma "Azərbaycanda ərəb-farsdilli ədəbiyyatımızın bir mərhələ kimi varlığını" inkar etmədiyini, əksinə, qədim türk bədii düşüncəsinin ərəb və fars dillərində yaranmış mədəniyyətə transformasiyanın təhlili ilə reallaşır. Təəssüflə qeyd olunmalıdır ki, Ş.Alışanlının ədəbiyyatın dövrləşdirilməsinə aid təqdim etdiyi prinsipləri, o cümlədən etno-milli yaddaşın dəyərlərinə söykənən konsepsiyasının bu sahədəki akademik nəşrlərdə reallaşmasını görmədik.

   Mir Cəlalın Füzuliyə həsr olunmuş əsərlərində orta əsrlər klassik irsin tədqiqində hələ sosial təhlil üsulunun üstünlüyü şəraitində 30-40-cı illərdə böyük ədibin irsini "təftiş" edən məqalələrə cavab olaraq böyük ustadın yaradıcılığının poetik kəşflərinin şərhinə önəm verilməsi, onun məhz sənətkarlığından söhbət açılması, müqayisəli metod əsasında Füzuli yaradıcılığında milli-bədii təfəkkürün tarixi təkamülünün varislik ənənələrinin (Xaqani, Nizami, Nəsimi, Xətai) izlənilməsi, bu yaradıcılığın Şərq romantizminin zirvələrindən olduğunun təsdiq edilməsi, Füzuli eşqinin romantik tutumunun bədii ifadəsi sirlərinin açılması və s. alimin müstəsna xidmətləri kimi dəyərləndirilir.

   Əgər Azərbaycan ədəbiyyatının XX əsrin əvvəlləri mərhələsinin tarixinin mükəmməl tədqiqi Mir Cəlalın adı ilə bağlıdırsa, mübaliğəsiz demək olar ki, ədəbiyyatımızın qədim və orta əsrlər tarixi təkamülünün sistemləşdirilməsinin ilk səlahiyyətli müəllifi Həmid Araslı olmuşdur. Həmid müəllimin klassik irsin tədqiqindəki xidmətləri sırasında Ş.Alışanlının xüsusilə vurğuladığı ədəbiyyat tarixçiliyimizdə indiyə kimi problem olaraq qalan aşıq yaradıcılığının yerinin düzgün həlli istiqamətini göstərməsidir.

  Həqiqətən, neçə illərdir Şirindil aşıq yaradıcılığının ədəbiyyat tariximizdə ədəbi-tarixi prosesdən məsafələşdirilərək, "folklor" cildinə daxil edilməsindən narazılığını bildirir. "Klassikanı oxumağın Həmid Araslı dərsləri" məqaləsində alimin "Ədəbiyyat tarixini"nin bizi bu vacib məsələyə qayıtmağa vadar etdiyini məmnuniyyətlə qeyd edilir və göstərilir ki, "alim ədəbiyyatımızın bu iki axınını bir prosesin fonunda - qarşılıqlı zənginləşmə müstəvisində tədqiq edir... Sarı Aşıq, Xəstə Qasım kimi xalq şairlərinin yaradıcılığı ədəbi-tarixi prosesin üzvi hissəsi kimi təqdim olmalı, böyük klassiklərimizin əsərlərindəki fraqmentlər aşıq şeirinin təsiridir".

   Şirindilin kitabındakı korifey alimlərimizə həsr olunmuş yazılarda onların əsərlərində bədii metodla bağlı mövqeləri xüsusi vurğulanır. Bu sahədə Azərbaycan ədəbiyyatında yaradıcılıq metodu və onun tipologiyası probleminin ilk nəzəri əsaslarının yaradılması Mir Cəlalın adı ilə bağlanılır. İlk dəfə romantizm və realizmin estetik cərəyan, ədəbi məktəb kimi dəyərləndirilməsi, XX əsrin romantizmi ilə realizmin daxili tipologiyası qeyri-milli ədəbiyyatların müvafiq ideya-estetik hadisələri ilə tipoloji əlaqələri müqayisəli səpkidə tədqiq olunması, xüsusilə romantizmlə bağlı bir sıra müddəalardan sonrakı tədqiqatçıların qaynaqlanması məsələsi əsaslandırılır. Mir Cəlalın romantizm konsepsiyasının bədii təcrübədə (xüsusən Nizami və Füzuli poeziyasında) açıqlanması - bu nəzəriyyənin poetik təsdiqi kimi qiymətləndirilir.

   Elmin indiki inkişaf mərhələsində də bədii metod kimi mürəkkəbliyini "qoruyan" kateqoriyanın tədqiq tarixində Yaşar Qarayevin xidmətlərinin xüsusi vurğulanması tam əsaslı görünür. Mütəfəkkir -alimin "Realizm: sənət və həqiqət" kitabının ədəbi ictimaiyyətdə böyük rezonansa səbəb olmasının səbəbi ona qədər, bir növ, yeganə realizmin (tənqidi) mövcudluğunu inkar edən realizmin tipologiyası ilə bağlı yeni konsepsiyanın təqdim olunmasıdır. Təqdim olunan konsepsiyanın elmi dəyərinin tarixi sistemlik və ümumi təkamül kontekstində işlənməsiylə bağlayan Ş.Alışanlı realizmin tiplərinin növbələşməsini hazırlayan ideya-fəlsəfi qaynaqlar və ictimai-siyasi hadisələrlə şərtləndiyini elmi əsaslarla sübut olunmasını vurğulayır. Bu kontekstdə klassik ədəbiyyatın inkişaf mərhələləri bu formada təqdim olunur: orta əsrlər romantik ədəbiyyatı, XVIII əsr erkən realizmi, XIX əsr maarifçi realizmi, tənqidi realizm, XX əsr yeni romantizmi. İlk dəfə olaraq M.F.Axundovun bədii və fəlsəfi irsinin maarifçi realizmin estetikası çərçivəsində təhlil olunmasının əsaslılığı qeyd olunur. Eynilə bu konsepsiyanın metodoloji produktivliyi XX əsr tənqidi realizmin əsaslandığı ənənələri klassik romantik poeziya, maarifçi realizm və XX əsr romantizmi ilə ideya-poetik əlaqələrini C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılılığının fonunda" aşkarlanmasının inandırıcılığı vurğulanır. Bu konsepsiyanın bir vacib aspekti kimi ayrı-ayrı mərhələlərin keçidlərinə ideya-fəlsəfi və poetik baxımdan bütöv bir dialektik proses kimi söykənilməsi qeyd olunur. Məsələn, bu metodoloji kontekstdə Füzulinin milli poeziyanın inkişafında tarixi roluna bədii metodların təkamülündə keçidlərlə bağlı konsepsiya mövqeyindən yanaşılmasına dair tezislər milli ədəbiyyatın tarixi poetikası haqqında düşünməyə vadar etdiyini vurğulayan Ş.Alışanlının hələ 90-cı illərdən başlayaraq dönə-dönə vacib problem haqqında danışdığının şahidiyəm (hətta Ədəbiyyat İnstitutunda müvafiq şöbənin yaradılmasının təşəbbüskarı olmuş və rəhbəri kimi fəaliyyət göstərmişdir).

  Klassik irsimizlə bağlı sözü gedən ədəbiyyatşünaslarımızın tədqiqatlarında əsas diqqət bu irsin yaşarlığını təmin edən milli ədəbiyyatın tarixi təkamülündəki rolu, bədii çəkisi, poetik dəyərinə ünvanlanır. Və bu yaşarlığın əsas əlaməti varisliklə bağlanılır. Bu sahədəki tədqiqatlarda komparativ təhlil üsulunun nümunəvi tətbiqi kimi Şirindilin Mir Cəlalın "Nizami və Füzuli" məşhur əsərində diqqət etdiyi məqamlar şəksiz maraq doğurur: "Ədəbiyyat tariximizdə Füzuli kimi Nizami ilə bağlı olan ikinci şair tapmaq çətindir" - Mir Cəlal bu tezisini Nizami ənənələrin Füzuli poeziyasında əksini forma-məsnəvi bəhrdə, bədii parallelizmin istifadəsində, didaktikasında, ümumiyyətlə bədii təsvir sistemi müstəvisində təhlil edir. Bu problemlə bağlı Mir Cəlal haqqında yazıda yer alan aşağıdakı müşahidələri gətirməyi lazım bilirik:

  - "Leyli və Məcnun" poemaların müqayisəli təhlilinə vəznlə başlayır: şeir bəhrinin qəbul etməsi ....bu vəzn bütün eşq macərasının inkişaf etdirilməsi üçün ən uyğun bəhr kimi etiraf olunur;

  - Leyli və Məcnunun vəsfi, sözün ictimai və bədii tutumu, eşqin poetik ifadəsi, baharın və payızın vəsfinə aid paralellər gətirilir;

  - Nizami və Füzulinin müqayisəsində Mir Cəlalın xalq ədəbiyyatından gələn bədii parallelizmləri Nizami poeziyasında xüsusi qeyd edilir;

  Peyzaj, bədii portret kateqoriyaların təhlili: Nizami və Füzuli bunların zəminində psixoloji ovqat yaratdıqları obrazın psixoloji durumunu təsvir etdikləri qeyd olunur. Yazıda "Mir Cəlalın araşdırmalarının yarım əsrdən artıq inkişaf mərhələlərinin hər birində elmi nüfuzunun" yaşarlığı təsdiq olunur.

Müqayisəli təhlil üsulundan Mir Cəlal tarixi şəxsiyyətin poetik obrazlarına (Bəhram Gur) Nizamidə ("Yeddi gözəl") və Firdovsidə ("Şahnamə") yanaşmağın oxşar və fərqli cəhətlərini Azərbaycan və fars şairlərinin estetik baxışlarıyla şərtləndiyini göstərir: "Bəhram obrazlarındakı yaxınlıq - ağıllı, ləyaqətli şah kimi təsvirində, fərq - Firdovsidə Bəhram İran tarixi, milli xüsusiyyətləri çərçivəsində, Nizamidə - "ən çox bəşəri" bir sima kimi verilir. Ümumiyyətlə, "Yeddi gözəl" kimi orijinal poemanın Mir Cəlal tərəfindən poetik təhlili özlüyündə orijinal əsər təsiri bağışlayan, elmi-poetik təravətinin yaşarlığını təmin etmiş tədqiqatdır.

Məlum olduğu kimi, nizamişünaslıqda Nizami Gəncəvinin milli mənsubluğu problemi bəzi dairələrdə mübahisə predmeti olaraq qalır. Mir Cəlalın bu problemin şərhində M.Ə.Rəsulzadə, H.Araslı kimi alimlərlə eyni mövqedən çıxış etməsini və bunun tarixi-ədəbi prosesin xarakterik cəhəti kimi izah etməsini qeyd edən Ş.Alışanlı H.Araslının Türkiyəyə səfəri ilə bağlı xatirələrində Nizaminin çox zaman azərbaycanca düşünüb farsca yazdığına, müvafiq beytlərini fars şərhçilərinin başa düşmədiyinə əsaslanır. Və ən bariz misal kimi, Ə.Caminin Nizaminin çoxu türk atalar sözləri ilə bağlı 350 beytini başa düşmədiyini etiraf etməsini və s. dəlillərə istinad edir. Bu haqda digər türk sözləri ilə bağlı məlumatlar mövcuddur.

  Fikrimizcə, bu məsələdə əyani ünvan Nizaminin "Leyli və Məcnun" poemasına kanonik Girişində əsərin yazılmasının səbəbi haqqında Şirvanşah II Axsitana ithaf etdiyi beytlərdir:

 

"Öz gözəl xətti ilə mənə yazılmış

Son dərəcə gözəl on-on beş sətir var idi.

Onun hər bir sözü çiçəkli bağ idi

Hər kəlməsi şəbçıraqdan daha parlaq idi.

 

Fars və ərəb dili bəzəyi ilə

Bu təzə gəlini bəzəyəsən.

 

Bir bax gör ki, təfəkkür mücrüsündən

Kimin həmayilinə inci düzürsən.

Türkçəlik bizə vəfalı olmağın sifəti (əlaməti)

Türkəvara deyilmiş söz bizə layiq deyil.

O adam ki, yüksək nəsibdən duyulmuş,

Ona yüksək söz lazımdır.

Elə ki, şahın xalqası qulağıma keçirildi

Huşum ürəkdən beynimə vurdu.

Nə həddim var idi ki, əmrdən boyun qaçırım?

Nə gözüm görürdü ki, xəzinəyə yol tapım.

Ömrümün süstlüyü, halımın zəifliyindən

Başımı itirib nə edəcəyimi bilmədim.

Məhrəm bir adam yox idi ki, sirrimi deyim,

Bu əhvalatı açıb şərh edim.

 

(Nizami Gəncəvi. Leyli və Məcnun.

Filoloji tərcümə. İzahlar və şərhlər. prof. Mübariz Əlizadə. Redaktoru:

Rəhim Sultanov. Bakı, "Elm", 1981)

 

   Yaşar Qarayevə həsr olunmuş yazıda alimin keçən əsrin 70-80-cı illərdə zirvə nöqtəsinə qalxan "Renessans bumu"na, o cümlədən Azərbaycan Renessansı məsələsinə münasibəti açıqlanır. "Şərq Renessansı" hadisəsi kifayət qədər araşdırılıb (hətta A.Losevin məşhur"Gstetika Vozrojdeniə" tədqiqatında bu məsələyə bütöv bir fəsil ayrılıb) əsasən qəbul edilmişdir. Bizim bu məsələdə tərəddüdümüz konkret coğrafi-tarixi-milli ünvanlı "Renessans" sözünün mexaniki iqtibası ilə bağlıdır. Fransızca "renaissance" termini tərcümədə dirçəliş, yenidən doğulma, oyanma, bərpa olunma və s. deməkdir. Avropada yaranmış Renessans möhtəşəm tarixi hadisəsinin mahiyyətində orta əsrlərin zülmətindən sonra mədəniyyətin, ədəbiyyatın, elmin, sənətin (rəssamlığın, heykəltəraşlığın) çiçəklənməsi, sıçrayışının əsasında antik ənənələri dururdu. "Re" affiksi "bərpa" məzmunludur, nəinsə bərpası (restavraüiə, vosstanovlenie), Şərqdə isə bu hadisə qədim dövr ənənələrinin yaxud orta dövrlərin ənənələrinin bərpası deyil, elə orta əsrlərin özündə yaranan və çiçəklənməsi ilə seçilən möhtəşəm tarixi epoxadan söhbət gedir. Sözümüzün canı Qərb mündəricəli məşhur terminlərin iqtibası məsələsində onların ifadə etdiyi reallıqların milli-tarixi mənsubluğu ilə bağlı relevant mahiyyəti "tərəzinin" üstünə qoyulmalıdır. Renessans - tipik Avropa hadisəsidir və məhz Avropaya aid antik ənənələrin "qaytarılması" və yeni zirvələrə çatdırılmasıdır. Müqayisəli şəkildə Avropada və Şərqdə baş verən bu möhtəşəm hadisələrin oxşar məqamlarından söhbət gedə bilər. "Şərq" demiş, məs., İran, Türkiyədə, ərəblərdə ədəbiyyata, mədəniyyətə aid bu termin işlənmir. Şalva Nusubidze məşhur poeması ilə bağlı və Çaloyan hansısa fəlsəfi cərəyanla bağlı müvafiq olaraq gürcü və erməni renessansından tədqiqatlar yazıblar. Söhbət belə epoxal səciyyəli məsələlərə aid terminlərə bir qədər ehtiyatla yanaşmaqdan gedir. Fikrimizcə, Nizami kimi bütöv bir epoxanı təmsil edən Dahinin irsinin istiqmətini hansısa məşhur xarici terminin mənasında duran Avropa hadisəsi ilə uzlaşdırmağın milli-tarixi əsası yoxdur, buna ehtiyac duyulmur. Bu yerdə Şirindil Alışanlının haqqında sözü gedən kitabında Məmməd Cəfərə həsr olunmuş yazıda alimin "Nizaminin fikir dünyası" monoqrafiyasından gətirdiyi fikirlərə müraciət etmək faydalı olardı: "Böyük mütəfəkkir şairin yaradıcılığının məhz intibah estetikasının ifadəsi və daşıyıcısı olduğunu dövriyyəyə gətirməkdir... M.Cəfər hələ 1941-ci ildə böyük inam hissi ilə ədəbiyyatın tarixi təcrübəsindən çıxış edərək yazırdı: "Nizaminin humanizm haqqında fikirlərinə yekun vurduqda nəzər tutmalıyıq ki, böyük mütəfəkkir şairin bu fikirləri (humanist ideyaları - Ş.A.) ilə Azərbaycanda ictimai fikrin müəyyən bir intibah dövrü başlanır...". Fikrimizcə, elə "intibah" termini ərəb mənşəli olsa da, sözü gedən məsələ ilə bağlı daha münasibdir.

  Şirindil Alışanlının "Nizami Gəncəvi poeziyasının Mir Cəlalın nəzəri şərhində" adlı yazısında ədəbi-nəzəri dəyər meyarının klassika müstəvisində ölçülməsiylə bağlı şərtinə müvafiq belə bir haqlı qənaət hasil olur ki, müəllifin kitabında təqdim olunan ədəbi-nəzəri təcrübənin yaşarlığı bu sahədəki gələcək tədqiqatların möhkəm zəmini olmasındadır.

  Bura qədər sözü gedən kitabda M.Cəlal, H.Araslı, M.Cəfər, Y.Qarayev kimi görkəmli ədəbiyyatşünaslarımızın klassik irslə bağlı tədqiqatlarının dəyərləndirilməsində yaşarlıq meyarlarını aşkarlamağa çalışmışıq. Onlardan fərqli olaraq, məsələn, Teymur Əhmədov, Qəzənfər Paşayev kimi görkəmli alimlərimizin müraciət etdikləri mövzuların içində bəzən ömrünü həsr etdikləri, müstəsna xidmətləri olan tədqiqatları üstündə dayanmağı önəmli saymışıq. Məlumdur ki, Teymur Əhmədovun adı çəkiləndə dərhal böyük Nəriman Nərimanovun, Qəzənfər Paşayev deyəndə, ilk növbədə, "kərkük sevdalı" alimin şəxsiyyəti göz qabağına gəlir, İraqda məskunlaşan uzun illər tanımadığımız alimin qələmi ilə çəkilmiş Kərkük dünyasının obrazı canlanır.

  Teymur müəllim tədqiq etdiyi A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi və s. kimi görkəmli maarifçilər haqqında yeni söz demək üçün illərlə müxtəlif arxivlərdə axtarışlar aparmış, yeni faktlar üzə çıxarmış və dəyərli tədqiqatlar ortaya qoymuşdur. Lakin Teymur Əhmədovu bütün yaradıcılığı boyu düşündürən və məşğul edən Nəriman Nərimanov fenomeni olmuşdur. Bu böyük maarifçi, yazıçı, dövlət xadiminin mürəkkəb həyatı, yaradıcılığına aid müxtəlif faktların toplanması, ədəbi irsinin nəşri, tədqiqi, tərcümeyi-halındakı dövrün sərt rejimi ilə bağlı qaranlıq məqamlara, bunlarla bağlı XX əsrin hər mərhələsində bir çox hallarda siyasi-ideoloji konyunktura ilə bağlı fərqli münasibətlərə işıq salmaq üçün illər boyu bir çox ölkələrin arxivlərində gərgin axtarışlar aparması və bu nəhəng işin nəticələrini bir sıra məqalə, kitablarda ictimaiyyətin nəzərinə çatdırması nərimanovşünaslığın təşəkkülü və inkişaflnda alimin böyük xidmətləri kimi dəyərləndirilir. Teymur Əhmədov mübaliğəsiz elmin müxtəlif sahələrini ehtiva edən Nərimanşünaslığın banisi hesab edilir: "Nərimanov fenomeni bütün tərəfləri ilə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan, Qafqaz, Rusiyada baş verən siyasi-ictimai, ədəbi-mədəni tarixi gedişatı zəminində öyrənilir".

   Teymur Əhmədovun N.Nərimanova "heykəl qoyması" ilə bağlı Şirindilin mühakiməsi tam ədalətlidir. Belə qənaətə gəlmək üçün Ş.Alışanlının məqalə janrı imkanında Teymur müəllimin qədirbilən, çətin fəaliyyət yolunun əsas məqamlarının dəyərləndirilməsi əsasında alimin N.Nərimanova həsr olunmuş monoqrafiyasının "Nərimanov ensiklopediyası" adlandırılması da tam əsaslı hesab edilməlidir.

  Teymur Əhmədovun xalq yazıçısı, akademik Mirzə İbrahimov, professor Mir Cəlal, xalq şairi Səməd Vurğun haqqında tədqiqatları öz dəyərini saxlamaqdadır. Xüsusilə Mirzə İbrahimovun adı ilə bağlı alimin əsərləri, böyük şəxsiyyətin Cənubla bağlı çoxyönümlü fəaliyyətinin bəzi tərəflərinin ənənələrini Teymur müəllim tərəfindən davam etdirilməsi yüksək qiymətləndirilir.

  Nə yaxşı ki, Teymur Əhmədova həsr olunmuş S.Alışanlının yazısı Teymur müəllimin sağlığında ("Azərbaycan" qəzeti, 2020-ci il) işıq üzü görmüşdür. Düşünmək olar ki, bu yazının böyük fədakar alimin dünyasının dəyişdiyi on iki ildən sonra təkrar nəşri həmkarımızın Teymur müəllimin xatirəsinə olan sönməyən ehtiram hissinin layiqli ifadəsidir.

  Genişvüsətli maraq dairəsinin müxtəlif zəngin "ünvanlarını" unikal çoxcəhətli yaradıcılığında təcrübəli qələmi ilə reallaşdıran, 50-dən çox kitabların müəllifi olan professor Qəzənfər Paşayevə geniş məşhurluq gətirən bir sıra elm sahələrində - dilşünas, ədəbiyyatşünas, folklorçu, etnoqraf, tarixçi, tərcüməçi peşəkarlığı təmin etmişdir və Azərbaycandan başqa, İraq, Türkiyə, İran kimi ölkələrdə də tanıtmışdır. Sadalanan sahələrə aid bir çox əsərlərin müəllifi kimi tanınan Qəzənfər müəllimə gətirdiyi məxsusi sensasion şöhrəti, Şirindilin qeyd etdiyi kimi, 80-cı illərdən Azərbaycan ədəbi-mədəni həyatında "gözlənilməz, ilğıma bürünmüş xəyallarımızı gerçək edən" hadisə oldu. Söhbət Qəzənfər Paşayevin İraqda ezamiyyətdə olduğu dövrdə müşahidə etdiyi, yaşadığı fakt və hadisələrin təsvir edildiyi "Altı il Dəclə-Fərat sahillərində" adlı kitabın oxuculara açdığı qeyri-adi dünyadan gedir. Elmi-publisistik üslubla, müəyyən bədiiliklə seçilən bu özünəməxsus memuaristika nümunəsinin "təhkiyəsində bədii tutumu, orijinal ifadə sistemi" vurğulanmaqla, həm də müəllif obrazının "yaddaş və hadisələrin bir-birini tamamlayan düzümünə emosional münasibəti ilə yaranması qeyd olunur. Ş.Alışanlının yazısında əsərin janr müəyyənliyi ilə bağlı cəhd də diqqəti cəlb etməyə bilməz: "Dolğun elmi-bədii biçimdə informasiya qüdrətinə malik olan" uzaq İraq haqqında bu əsərdə roman poetikasına məxsus müşahidələr təqdim olunur.

  50-dən çox monoqrafiya, tərtib, tərcümə kitablarının müəllifi olan Qəzənfər Paşayevin ixtirası olan Kərkük xalqı, onun soykökü, tarixi, mədəniyyəti, adət-ənənələri, sadə insanlarına həsr olunmuş yazılarıdır. Alimin "polifonik" yaradıcılığı Şirindilin yazısında milli təəssübkeşliklə bağlı məqamların vurğulanmasıyla aydın şəkildə, həm alim-yazıçıyla yaxınlığından gələn münasibətin istiliyi ilə təqdim olunur. Amma bu yazıda bir məqam diqqəti çəkməyə bilməz: Qəzənfər müəllimin təsvir etdiyi bəzi epizodların Şirindilin assosiativ yaddaşını tərpətdiyi, müvafiq xatirələri dilə gətirdiyini nəzərdə tuturuq. Söhbət hər şeydən əvvəl "Altı il Dəclə-Fərat sahillərində" kitabındakı çöl ərəblərə həsr olunmuş səhifələrdən gedir. Bu səhifələri vərəqləyərkən, bu etnik toplumun bir çox məişət adətləri, məs., qonaq qəbulu ilə bağlı təsvirlərin təsiri ilə müəllif əlçatmaz Laçının "füsunkar kəndi doğma Molla Əhmədli"də qonağı qəbuletmə adətini xatırlayır: 1979-cu ildə elmi rəhbəri professor Yuri Borevi, onunla gələn filosofları buradakı qonaq kultu ilə bağlı təəssüratları dilə gətirilir. Əlbəttə, belə "lirik haşiyələr" Qəzənfər müəllimin əsərlərinin təbiiliyi və təsirliliyindən, həm də Şirindilin yurd həsrəti ilə yaşayan həssas qəlbindən xəbər verir.

  Qəzənfər müəllimin Hüseyn Kürdoğlu haqqında monoqrafiyası haqda qeydlərin sonunda oxuyuruq: "Tanrı bizə qismət eləsin mənim doğma Laçınımdan Molla Əhmədli kəndindən torpaq gətirib Laçın həsrətinə dözməyib dünyasından küsüb gedən qardaşınız Hüseynin məzarına səpək".

  Yuxarıda qeyd olunduğu kimi, haqqında sözü gedən kitabda həm ədəbiyyatşünaslığımızın korifeylərinin tədqiqatlarına, həm korifey ədiblərimizin yaradıcılığına həsr olunmuş yazılarda əslində söhbət (bilvasitə və bilavasitə) bədii ədəbiyyata gəlib çıxır. Birinci halda elmi mülahizələr, ikinci halda -bilavasitə bədii söz dəyərləndirilir. Hər iki halda söhbət sovet dövründə formalaşmış alim və ədiblərdən gedir ki, yaradıcılığında məlum ideoloji rejimin basqısını neytrallaşdıra bilən bu şəxsiyyətlərin əsərlərinin yaşarlığını təmin edən amillər aşkarlanır: milli ədəbi-tarixi prosesin inkişafı kontekstində poetik sistemin kamilliyi (tədqiqatlarda), lirikanın fəlsəfəliliyi, milli dəyərlərin bədii ifadəsi, bədii sözün təsirliliyi, üslub fərdiliyi (ədəbiyyatda). Kitabdakı bilavasitə bədii ədəbiyyata həsr olunmuş 6 məqalədən üçü, demək olar ki, eyni ədəbi nəslin nadir nümayəndələri - Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifin elmi-poetik portreti təəssüratı yaradır.

   Bir qədər paradoksal səslənsə də, şairlərin poetik fərdiliyi oxşar (hətta ümumi) mövzu, motivlərin bədii reallaşmasında müəyyənləşdirilir. Sözsüz, poetik fərdilik yalnız bədii ifadə sistemi ilə məhdudlaşmır: Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifə həsr olunmuş yazılarda hər şeydən əvvəl tədqiqatçının nəzər diqqətində Azərbaycan, Vətən kimi əbədi mövzuların bədii-fəlsəfi dərki və təcəssümüdür. Əvvəldə qeyd etdiyimiz kimi, əsərin yarandığı siyasi-ictimai gerçəklik şəraitinin nəzərə alınması vacib şərtlərdən biridir. Sovet rejiminin mövcud olduğu şəraitdə 28 yaşlı Səməd Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan" şeirini "milli istiqlalın yeni biçimdə poetik nizamnaməsi" adlandıran tədqiqatçı professor Mir Cəlalın məşhur sözlərini yada salır: "Azərbaycanı şeirə gətirən Səməd Vurğun oldu". Bu haqlı mühakimənin davamı kimi Ş.Alışanlı qeyd edir: "Əslində bu şeir xalqın ruhunda əbədi kök salmış himndir. Səməd Vurğun azərbaycançılığın bayraqdarı olduğu kimi milli istiqlal hərəkatının beşiyi başında duran qüdrətli sənətkardır". Bu mühakimələrinin əyani açılışında tədqiqatçı ilk baxışda bir qədər imperativ görünən seçimə üstünlük verir: "Qalanları belə nəzərə almasaq, "Azərbaycan" şeiri və "Vaqif" dramı Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını ədəbi mətndə ifadə olunmuş böyük tarixi missiyanı icra etmiş abidələrdir". Yazılışından az qala bir yüzillik keçmiş "Azərbaycan" şeiri indi də dil açan uşaqlardan tutmuş bütöv xalqımızın dillər əzbəridir. Təbii poetikliyinə görə, təbii milli obrazlılığına görə hər sətirdə vətən sevgisiylə döyünən şair qəlbinə görə. Bunlar hamısı öz yerində. Amma tarixi ədalət naminə "milli istiqlal hərəkatının beşiyi başında duran" imperativ mühakimənin, bizcə, bir qədər dəqiqləşdirilməyə ehtiyacı var: bəs Ə.Cavad, H.Sanılı kimi əqidələrinə görə repressiyanın qurbanları olan istiqlal şairləri?

   Bütövlükdə isə, tədqiqatçının müraciət etdiyi iki əsərin istiqlal, milli özünüdərklə bağlı ideyaların (xüsusilə "Vaqif" də) təcəssümü kimi seçilməsi və bu istiqamətdə şərhi, sözsüz, inandırıcıdır. S.Vurğun dramının bədii mətninin alt qatında oxunan tarixi keçmişi xalqın müasir taleyi fonunda oxumağın qaydaları ilə əsərin şərhini verən tədqiqatçı qəddar rejimə meydan oxuyan Vaqifin obrazında Səməd Vurğunun özünü görür. Eyni zamanda haqlı olaraq əsəri öz dövrü üçün (30-cu illər) fəlsəfi mahiyyətli faciə adlandırır.

  Müstəqillik illərin ədəbi-elmi reallıqları, o cümlədən (konyunktur təftiş, cəhdləri, azadlıq ab-havasının bəzi beyinlərə ifrat təsiri) ifrat "yeni dəyərləndirmələr" şəraitində S.Vurğuna olan (həm də M.F.Axundov, N.Nərimanov kimi böyük azərbaycanlılara) hücumlardan Şirindil yan keçə bilməzdi. Bu kontekstdə Ramiz Rövşənin ziddiyyətli fikirlərini "didaktik-fəlsəfi ümumiləşdirmələr sırf poetik obrazlılığdan çox cəlb edir", "O, zamana qarşı yox, zamanın axınıyla gedən şairiydi" və s. açıq böhtan kimi ifşa edir. Əlbəttə, yazının ən dəyərli mövqeləri müəllif tərəfindən Səməd Vurğunun əsərlərinin fəlsəfəliyinin mətnaltı mənaların şərhi, ustadın milli şeir ənənəsinə gətirdiyi yeni poetik sistemə önəm verməklə bağlıdır.

  Azərbaycan şeirinə orta əsrlərdən xas olan fəlsəfəlik ənənəsi, sovet dövründə yaşayıb-yaradan bir çox görkəmli şairlərimizin əsərlərinin immanent xüsusiyyəti kimi qeyd olunmaqdadır. Bu xüsusiyyət Bəxtiyar Vahabzadəyə həsr olunan yazıda şairin yaradıcılığı boyu hər bir toxunduğu mövzuya yanaşmasında aşkarlanır: vətən, millət, ana dili, türkçülük, etno-genetik yaddaş. Tarixi müstəvidə mənalandırılan bu məfhumlar sisteminin şairin hər bir əsərində fəlsəfi mənası açıqlanır və buna əsasən onun poetik yaradıcılığı "milli əqidə poeziyası" adlandırılır. Səməd Vurğunla bağlı fəlsəfilik ənənəsi Bəxtiyar Vahabzadənin dövründə yeni vüsət alır. Bir qədər fərqli yönlü fəlsəfəlik "adiliyin poeziyasını yaradan" Hüseyn Arifin poetik üslubunu təyin edən folklor sənəti, Vaqif, Ələsgər, Vurğun poeziyası, müdrik aşıq şeiri kimi qaynaqlardan ilham alan "xəfif romantik" lirikada açıqlanır. Və bu lirikaya məxsus fəlsəfəliyini Ş.Alışanlı adi hadisələrin təsvirini verən şeirlərdə təbiət lövhələri ilə vəhdətdə mənalandırmasında görür. Bir çox şeirlərdə poetik ovqat məhz təbiət fonunda (folklor ənənəsi) yaranır.

  Bir səciyyəvi detal: Hüseyn Arif haqqında yazı "Gecələr harda gecələr?" adlanır. Şairin təbiət lirikasının bir nümunəsinin misrasından iqtibas edilən bu lirik kəşf bizlərdə, yəni şair olmayan və bir az da dilçilikdən xəbəri olanlarda dərhal omonimlərdən poetik fiqur yaradılması haqda fikir hasil olur. Amma peşəkar şərhlərdən görürsən ki, söhbət daha yüksək poetik mətləblərdən gedir. Həqiqi poeziyadan! İncə duyumlu, "xəfif romantika"dan!

  Cənub mövzusu Azərbaycan şairlərinin yaradıcılığından ağrılı motivlə keçir. Böyük Səməd Vurğunun "Körpünün həsrəti" bəşəri bir kədər ovqatı aşılayır, "Yandırılan kitablar" isə milli-mənəvi varlığa tuşlanan "cəlladın" əməllərinə qarşı poetik üsyandır" - yazan Şirindil bu əsərləri şair cəsarətinin parlaq ifadəsi kimi dəyərləndirir. Cənub mövzusunun tarixində yeni bədii mərhələnin əsasını qoyan Bəxtiyar Vahabzadənin böyük rezonans yaradan "Gülüstan" (1959) poemasında açıq ifadə olunan şairin bədii konsepsiyası "açar söz-məfhumları" olan Vətən, millət (bütöv), dil (vahid) motivlərin poetik reallaşmasında açıqlanır.

  Lap əvvəldə qeyd etdiyimiz kimi, haqqında sözü gedən kitaba müxtəlif səpgili yazılar daxil edilmişdir. Hərəsinin də yazının janrına münasib üslubu nəzərə çarpır. Bunların içində ata yurdu - Laçınla bağlı yazılar müəllif üçün xüsusi önəm daşıyır. "Su səltənəti Laçın" adlı yazı müəllifi üçün doğma ağrılı həyati mövzuya həsr olunmuş, ürək-qəlb sözüdür. Bu yazının janrı sinkretikdir: ilk baxışda, bioqrafik memuar, lakin daha geniş ünvanlı bir xalqın danışan dilində doğma yurdla bağlı təsirli epizodların canlı təsviri - Laçının müxtəlif guşələrinin təsviri, camaatın məişəti, adətləri, Şirindilin ailəsi, mənşəyi, Bakıya gəlişi və s. bağlı xatirələri, Laçının görkəmli şəxsiyyətləri və s. və i. Bu yazıda müəllifin hafizə, müşahidə, dəyərləndirmə qabiliyyəti, yurdunun tarixinə, coğrafiyasına mütəxəssis peşəkarlığıyla bələd olması, bu torpağın hər qarışını tanıması, dağlarını, sularının məğrurluğuyla bağlı maraqlı bənzətmələr və bu ecazkar səltənətə əbədi vurğunluğu heyrət doğur. Belə yazılarda müəllifin həm də yazıçılıq qabiliyyəti, dokumentalist, müxbir üslubu diqqəti çəkir. Yadıma Şirindilin təşəbbüskarı və ssenari müəllifi olduğu Laçın haqqında filmin çəkilməsi ilə bağlı söhbətləri düşür. Və belə söhbətlərində nədənsə Şirindilin Laçına borclarının tam verilməməsindən narahatlığı haqda təəssürat yaranır.

   Əslində belə yurd həsrəti böyük Vətənə doğmalıq deməkdir, çünki məhz yurddan başlayır Vətən.

  Şirindilin kifayət qədər geniş müsahibələrində alim-şəxsiyyət bütövlüyünün qeyri-ixtiyari psixoloji avtoportretinin eskizləri müşahidə olunmaqdadır.

  Adətən kitabla tanışlıq adından sonra son səhifəsindəki verilən mündəricatdan başlayır. Düzü, bu kitabın sonda yerləşdirilən yazısının adını görəndə, təbii olaraq, təəccübləndim. Əvvəlki 40 yazıların tarixləri XXI əsrə aiddir. Qeyd etdiyim material isə ... 1977-ci ilə. Sözsüz ki, belə sıralanma təsadüfi ola bilməzdi. Və səbəbini özündən soruşmaq olardı. Amma soruşmadım: əvəzində kitabda ən həcmli olan yazıyla tanış olandan sonra səsləndirmədiyim sualın cavabını tapdım. Elmə yenicə qədəm qoyan 25 yaşlı Şirindilin nüfuzlu alimlərin qarşısında ilk publik çıxışı (poema haqqında məruzəsi) hələ o vaxt geniş rezonansa səbəb olmuşdur. Bu çıxışın bir çox müddəalarının 45 il sonra da nəzəri əhəmiyyətini saxlamasına əmin olduqdan sonra mündəricatın açarını özümçün tapdım: bunun səbəbini müəllifin ədəbi prosesə aid metodoloji səciyyəli yanaşmalarının çoxunun əhəmiyyətini saxlamasında, tədqiqatçı sözünün yaşamaq haqqında görmək olar.

  Məruzəylə bağlı bir məqamı da qeyd etməyi lazım bilirəm. 50 səhifəlik bu material Ədəbiyyat İnstitutunun müasir ədəbi proses sektoru, Azərbaycan Yazıçılar İttifaqının bölməsi və "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasının iştirak etdiyi yaradıcılıq müzakirəsinin stenoqramıdır. Və bu stenoqramın verilməsi bizə akademik Məmməd Cəfər (tədbiri aparan), EA müxbir üzvü Yaşar Qarayev, Xalq şairləri Xəlil Rza, Qabil, Balaş Azəroğlu, Əliağa Kürçaylı, habelə, şükür ki, həyatda olan Sabir Rüstəmxanlı, Akif Hüseynovun çıxışlarıyla tanış olmağa imkan yaratdı. Sanki əlçatmaz, ünyetməz günlərə qayıtdıq, o canlı, yaradıcı elmi mühitə toxunduq. Və bu imkana görə də Şirindilə minnətdarıq.

  P.S. Stenoqramın sonunda "Redaksiyadan" başlığı altında müşavirənin gedişatı haqda iki səhifəlik kifayət qədər müfəssəl məlumat verildi. Bu cür ciddi elmi-bədii həyata təəccüblənməyəsən, neynəyəsən?

SİZƏ MARAQLI OLA BİLƏR