Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Professor Şirindil Alışanlının 70 illik yubileyi qeyd olunub

25-11-2022 [ 19:29 ] [ oxunub:129 ]
printerA+ | A-
102902

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə institutun XX əsr (Sovet dövrü)  Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi keçirilib.

Yubiley tədbirində Xalq yazıçıları və şairləri, akademiklər və bir sıra alim və yazarlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirin AYB-də keçirilməsini yüksək qiymətləndirib.

Sonra Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev əhatəli məruzə ilə çıxış edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında Şirindil Alışanlının bu gün keçirilən yubileyini Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasındakı birgə fəaliyyət proqramının üzvi tərkib hissəsi kimi dəyərləndirib: “Şirindil Alışanlı o miqyasda ədəbiyyatşünaslardandır ki, Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasında möhkəm və etibarlı körpülər qurmağa onun əsərləri, fəaliyyəti tam əsas verir. Şirindil Alışanlı çoxcəhətli elmi-təşkilati fəaliyyətə malik olan müasirimizdir. Cəmiyyətimiz ilk növbədə onu ədəbiyyat nəzəriyyəçisi və tənqidçi kimi qəbul edib. Onun ədəbiyyat nəzəriyyəsi ilə ədəbi tənqidin qovuşağında olan elmi yaradıcılığı ədəbiyyatşünaslıq elminin çox əhəmiyyətli səhifələridir. O,  Ədəbiyyat İnstitutunda böyük bir şöbənin fəaliyyətinə uğurla rəhbərlik edir. Onun fəaliyyəti Ədəbiyyat İnstitutunun çərçivəsindən kənarda – Akademiya miqyasında da müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyasında nəşriyyat-poliqrafiya işinin əsas qurucularından biridir”.

Tədbirdə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru Əlizadə Əsgərli, AMEA-nın müxbir üzvləri Tehran Əlişanoğlu, Şahbaz Muradov, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və Xalq şairi Nəriman Həsənzadə çıxış ediblər.

Sonda Ədəbiyyat İnstitutunun şöbə müdiri, Rusiya Estetika və Azad Sənətlər Akademiyasının akademiki Şirindil Alışanlı çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.