AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri və gündəlikdəki məsələlərə aidiyyatı olanlar iştirak ediblər. Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.
İnstitutun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sadıqoğluna “Qafqaz-Media” İctimai Birliyinin “Nizami Gəncəvi” diplomu və “Xarıbülbül” nişanı təqdim edilib.
Sonra Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyev və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Baba Babayev 70 illik yubileyləri münasibətilə Fəxri Fərmanla təltif ediliblər.
Akademik İsa Həbibbəyli gündəlikdəki məsələlərdən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr”, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hüseyn Cavidin 140 illik yubileyinin qeyd edilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələrə dair”, “Ədəbiyyatşünas alim Kamran Məmmədovun 100 illik yubileyinin keçirilməsi”, “2022-ci ildə fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri” və digər məsələlər barəsində fikirlərini bölüşüb.
Bildirib ki, “Azərbaycan Prezidenti cənab İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Ölkəmizdə yubileylərin keçirilməsi istiqamətində ulu öndər Heydər Əliyev böyük addımlar atmışdır. Heydər Əliyev Azərbaycanın böyük şəxsiyyətlərinin, xüsusilə yazıçı və şairlərin yubileyini keçirməklə Azərbaycan xalqını dünyada tanıtmaq işini yerinə yetirirdi. Bu ənənə ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Cənab Prezidentimiz bu ənənəyə müstəqilliyin yaratdığı imkanlar daxilində yeni bir ənənə gətirib. İndiyə qədər yazıçı və şairlərin yubileyləri qeyd olunurdusa, indi ən görkəmli şair və yazıçıların ili qeyd olunur: “Nəsimi ili”, “Nizami Gəncəvi ili”. Bu, Azərbaycanda yubileylər keçirmək ənənəsinə yazıçı və sənətkarlara münasibətdə dövlət səviyyəsində Prezident İlham Əliyevin adı ilə bağlı olan məsələdir. İlk dəfədir ki, İlham Əliyev “Heydər Əliyev ili” yaratmaqla yazıçı və şairlərin ili ənənəsinə dövlət xadimi, tarixi şəxsiyyət ili ənənəsini də gətirdi.
Heydər Əliyevin ən böyük əsərlərindən biri bugünki Azərbaycandır. Ən böyük əsərlərindən biri Prezidentimizdir. İlham Əliyev özü də çıxışlarında ulu öndərin ideyalarına, strategiyasına böyük hörmətlə yanaşır, bu yolu davam etdirdiyini böyük səmimiyyətlə etiraf edir.
Ölkədə bu işin təşkilində, təbliğatında, icrasında Ədəbiyyat İnstitutu çox fəal yer tutmalıdır və bizim bu istiqamətdə tədbirlər planımız var”.
Elmi şurada həmçinin çap və müsabiqə məsələləri də müzakirə edilib.