Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Bəsirə Əzizəli. Məhəmməd İqbal: Eşq və düşüncə şairi

02-12-2021 [ 11:15 ] [ oxunub:57 ]
printerA+ | A-
101680

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəlinin görkəmli Pakistan şairi, filosofu Məhəmməd İqbala həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası nəşr olunub.

Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi dördüncü nəşrdir. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçilər filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və Pakistanın Muslım İnstitutunun direktoru, Cunaqadh əyalətinin Baş naziri, professor Sahibzada Sultan Ahmed Alidir.

Son illərdə Azərbaycanda Pakistan ədəbiyyatının, xüsusilə də mütəfəkkir şair Məhəmməd İqbalın yaradıcılığının mühüm istiqamətlərini, ədəbi-fəlsəfi cəhətlərini öyrənən, bu sahədə bir çox elmi məqalələrin müəllifi olan,  müxtəlif illərdə Pakistanda keçirilən elmi konfranslarda ölkəmizi təmsil edən Bəsirə Əzizəlinin kitabı Azərbaycanda  Məhəmməd İqbala həsr olunmuş ilk monoqrafiyadır.

Vəsaitdə Pakistanın mənəvi qurucusu kimi də­yər­ləndirilən Məhəm­məd İqbalın nəzm və nəsr əsərlərində öz əksi­ni tapmış ədəbi-fəlsəfi, milli-mənəvi, ictimai-siyasi görüşləri də­yər­ləndirilib.“Məhəmməd İqbalın həyatı və yaradıcılıq yolu”, “Peyam-i-Məşriq - “Şərqdən xəbər” əsəri: Şərq və Qərb düşüncəsinin müqayisəsi”, “Cavidnamə əsəri: milli-mənəvi düşüncə, islam dünyası haqqında fikirlər, eşq fəlsəfəsi”, “Zarb-i Kelim” əsərində qadın və cəmiyyət məsələləri”, “Məhəmməd İqbal “Gülşən-i Razi-i Cədid” və M.Şəbüstərinin “Gülşəni-raz” əsəri”, “İslamda dini düşüncənin yenidən inşası” əsəri: müsəlman mədəniyyətinə yeni baxış”, “Hicaz ərməganı” əsərində müsəlman birliyi ideyası”, “Məhəmməd İqbalın yaradıcılığının Azərbaycanda tədqiqi və tərcüməsi” və “Book summary” kimi doqquz bölümdən ibarət kitabda görkəmli filosof-şairin həyat və yaradıcılığının, zəngin Şərq və Qərb motivləri ilə yoğrulmuş bədii-fəlsəfi irsinin mühüm məqamları araşdırılıb.

Kitabın Ön sözündə “M.İq­bal ötən əsr­də müsəl­man­la­rın mad­di-mə­nə­vi in­ki­şa­fı, Şərq və Qərb ara­sın­da­kı mü­na­si­bət­lə­rin sülh və to­le­rant də­yər­lər əsa­sın­da qu­rul­ma­sının tə­rəf­da­rı ki­mi çı­xış edir­di. Fi­lo­sof şai­rin dün­ya­gö­rü­şün­də is­lam di­ni, tə­səv­vüf tə­li­mi, eşq fəl­sə­fə­si, ka­mil in­san və mən ko­nsep­si­ya­sı, hə­ya­tın prak­tik qav­ra­mı vəh­dət­də ifa­də edil­ib. Şa­ir in­san­lıq məqamı­nın göy­lər­dən uca ol­du­ğu­nu, in­sa­na hör­mə­tin mə­də­niy­yə­tin əsa­sın­da dayan­dı­ğı­nı dö­nə-dö­nə qeyd et­miş­dir” yazan Bəsirə Əzizəli ədə­bi-fəl­sə­fi, ic­ti­mai-si­ya­si gö­rüş­lə­ri və fəa­liy­yə­ti ilə Pakistan xalqının, eləcə də müsəlman aləmi və insanlıq tarixində mühüm rol oynayan mütəfəkkir şəxsiyyəti yüksək qiymətləndirib.

Azərbaycan və Pakistan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfə olan 228 səhifəlik sözügedən kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

SİZƏ MARAQLI OLA BİLƏR