Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri
16.06.2026 | 12:0004-08 İyun 2026-cı il tarixlərində Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Aşqabadda keçirilən türkmən və azərbaycanlı şairlərin – XVIII əsrin böyük söz ustaları Məhtimqulu Fəraqi və Molla Pənah Vaqifin ədəbi irsinə həsr olunmuş xüsusi tədbir Azərbaycan və Türkmənistanın mədəni əlaqələrinin inkişafında, türk dünyasının ortaq ədəbi və mənəvi irsinin tanıdılmasında önəmli rol oynadığı diqqət mərkəzində olmuşdur.
Tədbirdə Azərbaycan və Türkmənistan ədəbiyyatşünasları, alimlər, mədəniyyət xadimləri və tələbələr iştirak etmişlər. Məruzələrdə Məhtimqulu və Vaqifin yaradıcılığı, onların milli-mənəvi dəyərlərin qorunması və realizm-humanizm ənənələrinin formalaşmasında rolu müzakirə olunuş və şairlərin poeziyasının türk xalqları arasında ortaq ədəbi irs olaraq qiymətləndirilməsinə xüsusi diqqətyeirilmişdir.
Tədbir çərçivəsində poetik oxu və bədii qiraət sessiyaları təşkil olunuş, Məhtimqulu və Vaqifin seçilmiş əsərləri türkmən və azərbaycanlı ifaçılar tərəfindən səsləndirilmişdir. Tədbirdə, eyni zamanda onların həyat və yaradıcılığını əks etdirən sərgi və vizual təqdimatlar da nümayiş etdirilmişdir.
Açılış mərasimində çıxış edən rəsmi şəxslər belə tədbirlərin xalqlar arasında dostluq və mədəni əməkdaşlığı möhkəmləndirilməsində, gənc nəslin klassik ədəbiyyatımızla tanışlığınının artırılmasında böyük rol oynadığını xüsusi vurğulamışlar.
Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nəşriyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovanın “Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə – alqışlarla qarşılanmışdır. Töhfə Talıbova Azərbaycan və Türkmənistanın tarix, dil, adət-ənənə və milli dəyərlər baxımından bir-birinə yaxın olan dost və qardaş ölkələr olduğunu xüsusilə vurğulamışdır: “Hər iki xalq ortaq türk mədəniyyətinə mənsub olduğu üçün onların əlaqələri əsrlər boyu qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmuşdur. Bu münasibətlərin daha da möhkəmlənməsində ədəbi-mədəni tədbirlərin xüsusi rolu vardır. Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri də bu baxımdan böyük əhəmiyyət daşıyır”.
Fil.f.d., dosent Töhfə Talıbova çıxışı zamanı on da qeyd etmişdir ki: “Vaqif və Məhtimqulu yalnız öz xalqlarının deyil, bütün türk dünyasının mənəvi sərvətinə çevrilmiş görkəmli şəxsiyyətlərdir. Onların yaradıcılığında vətən sevgisi, insanpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və yüksək bədii-estetik düşüncə öz əksini tapmışdır. Bu böyük sənətkarların əsərləri əsrlər keçsə də, öz aktuallığını qoruyub saxlayaraq, xalqlar arasında dostluq və qardaşlıq körpüsü rolunu oynadığına görə, onların yaradıcılığı təkcə Azərbaycan və Türkmənistan ədəbiyyatının deyil, bütövlükdə türk mədəniyyətinin inkişafında mühüm rol oynamışdır”.
Tədbir iştirakçıları Vaqif və Məhtimqulu irsinin gələcək nəsillərə çatdırılması, onların əsərlərinin beynəlxalq səviyyədə daha geniş təbliği və ortaq elmi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.
Konfrans türk dünyasının ədəbi və mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm platforma kimi qiymətləndirilmişdir.
Tədbirin sonunda iştirakçılar Azərbaycan-Türkmənistan mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, iki ölkə arasında ortaq ədəbi irsin qorunması və təbliği istiqamətində yeni təşəbbüslərin həyata keçiriləcəyinə dair razılığa gəlmişlər.