“Aşıq yaradiciliği: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” adli beynəlxalq elmi konfrans keçiriləcək
09.06.202626-27 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar Mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “AŞIQ YARADICILIĞI: TƏŞƏKKÜLÜ, İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ MÜASİR İSTİQAMƏTLƏRİ” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Aşıq yaradıcılığı Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin mənəvi-mədəni irsinin ən qiymətli nümunələrindən biridir. Söz, saz və sənət vəhdətini özündə birləşdirən aşıq sənəti xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini, adət-ənənələrini və dünyagörüşünü nəsildən-nəslə ötürən mühüm mədəni hadisədir. Bu yaradıcılıq sahəsi özündə həm poeziyanı, həm musiqini, həm də ifaçılıq məharətini birləşdirərək milli kimliyimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayır. Aşıq sənətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Aşıq ənənəsi Azərbaycanla yanaşı, digər türk xalqlarının da folklor və ədəbi mühitində mühüm yer tutur. Qəhrəmanlıq, məhəbbət, vətənpərvərlik, humanizm kimi ümumbəşəri ideyaları özündə əks etdirən aşıq yaradıcılığı türk dünyasının mədəni əlaqələrinin, ortaq ədəbi dəyərlərinin və milli kimliyinin qorunub saxlanılmasında mühüm rol oynayır. Bu baxımdan aşıq sənətinin öyrənilməsi Türk xalqları ədəbiyyatının tarixi inkişaf mərhələlərinin və qarşılıqlı mədəni təsirlərinin araşdırılması üçün geniş imkanlar yaradır.
Konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Almaniya, Orta Asiya respublikaları və digər dövlətlərdən alimlər iştirak edəcəklər. Konfrans çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında sazlı-sözlü ədəbi-bədii gecənin keçirilməsi və Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər nəzərdə tutulur.
Konfransın əhatə edəcəyi mövzular:
1. Azərbaycan aşıq mühiti; inkişaf yolu, xarakter və çağdaş durumu
2. Azərbaycan aşıq mühitində Borçalı aşıqlarının rolu
3. Azərbaycan aşıq məktəbləri və onların nümayəndələri
4. Azərbaycan aşıq sənəti və estetik düşüncə tərzi
5. Çağdaş ustad aşıqlar
6. Aşıq yaradıcılığı və aşıq sənətinin araşdırılması məsələləri
7. Türk xalqlarında aşıq sənəti və onun təzahür formaları
8. Türk xalqları aşıq yaradıcılığında oxşar və fərqli cəhətlər
9. Dastan yaradıcılığını inkişafında aşıqların rolu
10. Milli-mədəni irsimizin yaşadılmasında aşıq sənətinin mövqeyi
11. Aşıq yaradıcılığı və sənətinin elmi-nəzəri konteksti
12. Aşıq yaradıcılığının janr və formaları.
Konfransın dili: Azərbaycan, türk, ingilis, rus.
Konfransda iştirak forması: Canlı və onlayn
Konfransın təqvimi:
Tezislərin son göndərilmə tarixi – 15 sentyabr 2026-cı il.
Qəbul olunan tezislərin elan tarixi – 1 oktyabr 2026-cı il.
Məruzələrin son göndərilmə tarixi – 20 oktyabr 2026-cı il.
Konfransın tarixi –26-27 oktyabr 2026-cı il.
Konfransın təşkilatçıları:
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; AMEA Folklor İnstitutu; Azərbaycan Mədəniyyət Nazirliyi; Azərbaycan Aşıqlar Birliyi.
Tezizlərin yazı qaydaları:
Tezislər Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir; Tezislər 400-500 sözdən ibarət, Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval - 1,5 olmaqla yazılmalıdır; Tezisin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır: Sağ tərəf -1sm, sol tərəf - 3sm, aşağı hissə - 2 sm, yuxarı hissə - 2sm; Tezisin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir; Tezisin mətni Azərbaycan, türk və rus dilində yazılarsa ingilis dilində xülasə tələb olunur; Tezisin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq 5-7 açar söz göstərilməlidir. Konfransda canlı və onlayn şəkildə edilən məruzə mətnləri dərc ediləcəkdir. Məruzə mətnləri 12 şrift, sətirlərarası interval 1,5 olmalıdır. Məruzə mətni 7-10 səhifə olmalıdır.
Konfransda iştirak ödənişsizdir.
Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ 1143, Hüseyn Cavid prospekti, 117. Akademiya şəhərciyi, Əsas bina. Tel.: (+994 12) 510 35 71; +994 50 776 77 77
e-mail: m-borcali@mail.ru