Akademik İsa Həbibbəyli “Springer” nəşriyyatının nümayəndəsi ilə görüşüb
03.06.2026 | 12:00AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Polşa Elmlər Akademiyasının Sistem Araşdırmaları İnstitutunun əməkdaşı, “Springer” nəşriyyatının 7 kitab seriyasının və iki jurnalının baş redaktoru, süni intellekt üzrə tanınmış mütəxəssis akademik Janusz Kacprzyk ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli AMEA-da həyata keçirilən islahatlar, eləcə də süni intellekt və rəqəmsal texnologiyalar istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib. Qeyd edib ki, bu gün Akademiyada humanitar və ictimai elmlər üzrə mühüm tədqiqatlar aparılır və süni intellektin bu elm sahələrində tətbiqi imkanları araşdırılır.
Akademiyanın elmi nəşrlər sahəsində zəngin təcrübəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu gün AMEA-nın Rəyasət Heyəti və institutları tərəfindən 30-dan artıq jurnalın çap edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu nəşrlərdən 5-i nüfuzlu “Scopus” bazasına daxildir və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. AMEA rəhbəri digər elmi jurnalların da səviyyəsinin qaldırılması, “Scopus” və “Web of Science” kimi nüfuzlu bazalara daxil edilməsi istiqamətində işlər həyata keçirildiyini söyləyib.
Bu günlərdə AMEA tərəfindən ölkəmizdə süni intellektə həsr edilmiş ilk jurnalın təsis olunduğunu deyən akademik İsa Həbibbəyli nəşrin ingilis dilində fəaliyyət göstərəcəyini bildirib, bu istiqamətdə “Springer” nəşriyyatı ilə birgə əməkdaşlıq imkanlarını təklif edib. Həmçinin Akademiyada işıq üzü görən sanballı nəşrlərin və keçirilən nüfuzlu konfransların materiallarının “Springer”də çapı ilə bağlı təkliflərini bildirib.
Sonra çıxış edən akademik Janusz Kacprzyk “Springer” nəşriyyatında rəhbəri olduğu kitab seriyaları barədə məlumat verib, səsləndirilən təkliflərə dair şəxsi təcrübəsini bölüşüb. O, həmçinin AMEA ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflərini təqdim edib.
AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov isə çıxışında humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi mövzularında akademik kitab seriyalarının “Springer” nəşriyyatında çapını təklif edib.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qonaq, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası, buradakı Meridian zalı və Akademiya muzeyi ilə tanış olub, AMEA-nın tarixi barədə məlumatlandırılıb.
Görüşdə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, akademik Əli Abbasov, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov, Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri Fariz İmranov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli və baş mütəxəssis Aida Tağıyeva iştirak ediblər.