AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
27.05.2026 | 08:30Hörmətli həmkarlar!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və elmi fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
İslam dünyasının ən əziz və mənəvi dəyərlərlə zəngin bayramlarından olan Qurban bayramı insanları mərhəmətə, xeyirxahlığa, birlik və həmrəyliyə çağıran müqəddəs bir gündür. Bu əlamətdar gün yüksək mənəvi keyfiyyətlərin, humanizm və ehtiyacı olana əl tutma ənənələrinin təcəssümü kimi cəmiyyətimizdə xüsusi ehtiramla qeyd olunur.
Xalqımız əsrlər boyu milli-mənəvi və dini dəyərlərinə sadiq qalaraq bütün dövrlərdə öz adət-ənənələrini qoruyub yaşatmışdır. Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə dini bayramların yüksək səviyyədə qeyd olunması xalqımızın mənəvi birliyinin və milli həmrəyliyinin parlaq ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli-mənəvi dəyərlərin qorunması siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə tolerantlıq və qarşılıqlı hörmət mühiti daha da möhkəmlənir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu istiqamətdə misilsiz layihələr həyata keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də xalqımızın zəngin mənəvi irsinin, milli dəyərlərinin və mədəniyyətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm fəaliyyət həyata keçirir.
Əziz həmkarlar,
Müqəddəs Qurban bayramı münasibətilə bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, evlərinizə bərəkət, süfrələrinizə ruzi, ailələrinizə xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik