AMEA Ədəbiyyat İnstitutunda Almaniyadan gələn ziyalılarla görüş olub
18.05.2026 | 13:00AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaniyanın Maqdeburg şəhərində yerləşən İCATAT institutunun ziyalıları ilə görüş və fikir mübadiləsi olub. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Peter Yens-Kristian Qişke, Dominik Yakub Napivodski, Doğan Aydın, İlknur Şenol-Baysu, Daniel Adler, Kristel Hotopp, Anne Katrin Han, Kristian Volt, Mieste Hotopp-Rieke iştirak ediblər.
Tədbiri giriş nitqi ilə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli açıb. O qonaqların təmsil etdiyi institutun tədqiqat istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, həmin elm ocağı türkologiya, etnologiya, şərqşünaslıq, mədəniyyətlərarası tərcümə (dilçilik) və digər ixtisaslardan olan araşdırmaları özündə birləşdirir. Qurumun 25 ildən artıqdır ki, tatar araşdırmaları sahəsində aparıcı mövqe tutduğunu, özlərinin nəşriyyat, arxiv və kitabxanasının olduğunu da bildirib. Vurğulayıb ki, bu görüşün əsas məqsədi gələcək əməkdaşlığın əsasının qoyulmasıdır. Bədirxan Əhmədli birgə konfranslar təşkil etməyi, kitab və məqalə çapını təklif edib. Müəllifi olduğu “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə) kitablarını qonaqlara hədiyyə edib.
İCATAT-ın direktoru, türkoloq Mieste Hotopp-Rieke çıxışında tədbirin təşkili üçün minnətdarlığını bildirib. Azərbaycana səfərlərinin sonunda alman və Azərbaycan dillərində kitab hazırlayıb Frankfurtda Maurer nəşriyyatında nəşr edəcəklərini də diqqətə çatdırıb. İnstitutları tərəfindən çap edilən beş dildə tərtib olunmuş, həmçinin müxtəlif ixtisasları əhatə edən kitabları AMEA-nın kitabxanasına hədiyyə edib.
Tədbirdə filologiya elmləri doktorları Abid Tahirli, Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı, Leyla Həsənzadə və Folklor İnstitutunun əməkdaşı Əli Şamil də çıxış edərək almanların Azərbaycandakı fəaliyyətlərindən danışıblar. Görüşün təşkilində və alman dilindən tərcümədə dr. Elnurə Qurbanova köməklik göstərib.