Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunun əməkdaşları Türk dünyasına həsr olunan beynəlxalq konfransda çıxış ediblər

02.05.2026 | 14:00

Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Türk dünyasında
kültür və dəyərlərin izləri” simpoziumu keçirilib. Azərbaycan, Türkiyə və
Özbəkistanın elm və təhsil qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə
türkoloji elmin əsas istiqamətləri-ədəbiyyat, dil, tarix və mədəniyyət sahələrini
əhatə edən 150-yə yaxın elmi məruzə təqdim olunub. Konfransda AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də fəal iştirak ediblər.
Plenar iclasda İnstitutun direktor müavini, filologiya elmləri doktoru
Mehman Həsənli çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” tezisinin yalnız tarixi ənənələrə
söykənmədiyini, müasir dövr və gələcək üçün yeni birlik modelinin təqdimatı
baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq konfransın yüz il əvvəl
I Türkoloji qurultaya ev sahibliyi etmiş Bakıda keçirilməsini, eləcə də tədbirin
Türkiyə və Özbəkistanın nüfuzlu elm və təhsil qurumları ilə birgə təşkilini Türk
dünyasında elmi əməkdaşlığın genişlənməsi baxımından mühüm hadisə kimi
dəyərləndirib.
İki gün davam edən konfrans çərçivəsində Ədəbiyyat İnstitutunun
əməkdaşları müxtəlif panel iclaslarında aktiv iştirak ediblər. Filologiya elmləri
doktoru, professor Tahirə Məmməd və filologiya elmləri doktoru, dosent Lütviyyə
Əsgərzadə ayrı-ayrı panellərə sədrlik ediblər.
Eyni zamanda, institutun əməkdaşlarından filologiya elmləri doktoru, dosent
Xuraman Hümmətova, filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətova,
filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya elmləri doktoru,
dosent Eşqanə Babayeva, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent Şükufə Vəliyeva, filologiya üzrə fəlsəfə
doktoru Arzu Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova, Maya
Həsənli, Leyla Primova və Hicran Əhməd məruzələrlə iştirak ediblər.