Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Üslub mübarizələrinin rəqəmsal təqdimatı və anonsu - İsa HƏBİBBƏYLİ

14.03.2025 16:00

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın bu günlərdə çapdan çıxmış "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı çox orijinal nəşr kimi bir çox cəhətdən yeni, maraqlı, cəlbedici və əhəmiyyətlidir. Əvvəla, adından da göründüyü kimi, bu, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan görkəmli xalq şairləri - Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli və Vaqif Səmədoğlu haqqında, eyni zamanda xalq yazıçıları - Ənvər Məmmədxanlı, Anar, Yusif Səmədoğlu barəsində fərqli üslubda yazılmış, təhlillərdən, təəssüratlardan, dəyərləndirmələrdən ibarət olan ilk bənzərsiz araşdırma-antologiya kitabıdır. Elmi tərəfdən baxanda, araşdırma-antologiya janrında görünən "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitab kimi Azərbaycan ədəbiyyatşünaslıq elmində bu vaxta qədər dərin araşdırmaları və onları açan, təsdiq edən çoxsaylı silsilə yazılı ədəbiyyat örnəklərini özündə birləşdirən ikinci bir kitabda rast gəlinmir. Ancaq seçilmiş bu formatın xalq yazıçısı Anarın yaradıcılığında xüsusi bir janr kimi formalaşdığını da görməmək mümkün deyildir.

İlk dəfə Anarın "Sizsiz" adı ilə çap etdirdiyi həmin fərqli yanaşma üslubu "Kərəm kimi" sənədli romanı ilə, necə deyərlər, kamala çatmışdır. Bundan başqa, Anarın "Göz dünyası" adlı çoxcildlik esselər kitabı da bir çox cəhətdən "2=3+4" kitabı formatında yazılmış fərqli əsərlərdən ibarətdir. Fikrimizcə, bu əsərləri fərqləndirən əsas cəhət onlarda dərin yazıçı müşahidələri və şəxsi təəssüratlarla araşdırma, təhlil və dəyərləndirmələrin vəhdətindən yaranmaları ilə əlaqədardır. Eyni zamanda adını çəkdiyim əsərlərin demək olar ki, hamısında da bədii əsərlərdən misallar, seçilmiş şeir nümunələri verilmiş, hətta bəzi yazışmalar, məktublar da oxuculara çatdırılmışdır. Bu seriyadan olan kitablarda fotoların da özünəməxsus yeri vardır. Anar "Sizsiz" də özünün fotolara münasibətinin geniş məna daşıdığını aşağıdakı kimi izah edir: "Fotolara baxmağı çox xoşlayıram. Heç vaxt zənn etməzdim ki, fotolar bu qədər söhbətcildir… Şəkillər dil açıb danışır… Bu fotolardakı …. adamların səslərini, gülüşlərini eşidirəm…. Hər foto min bir anımla, xatirələr ilə bağlıdır".


Diqqətlə müşahidə etsək, Anar "Kərəm kimi" əsərini oxuculara "Nazim Hikmətin həyatı və yaradıcılığı haqqında anılar, düşüncələr romanı" kimi təqdim etmişdir. Anarın "roman-xatirə" adlandırdığı "Sizsiz" əsərini "Xan" nəşriyyatı 2019-cu ildə "Xatirə ədəbiyyatı" seriyasından olan bir kitab kimi nəşr etmişdir. Xalq yazıçısı Ənvər Məmmədxanlıya həsr olunmuş "Həyatım ağrıyır" əsərini də Anar müəllim povest-xatirə formatında düşünmüşdür. Əslində "Mübarizə bu gün də var" kitabı da xalq şairi Rəsul Rzanın fonunda XX əsrin böyük bir dövrünü əhatə edən ədəbi mübarizələrin araşdırma-antologiyasından ibarətdir. Belə olduqda, Anarın "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" adlı yeni kitabı xalq yazıçısının yaradıcılığında kökləri olan ədəbi ənənənin, davamlı yaradıcılıq prosesinin daha da inkişaf etdirilmiş təzahür formasıdır. Bu baxımdan Anar xatirə-roman və ya xatirə-povest janrının yeni tipli yaradıcısıdır. Bununla belə, Anarın təqdimatındakı "roman", "povest" təyinatlarının birmənalı olaraq janrın hüdudları kimi qəbul edilməsi ilə müqayisədə, müəllifin "xatirə" anlayışının fərqli olduğu aydın şəkildə görünür. Fikrimizcə, xalq yazıçısının fotolara baxışı kimi, "xatirə" anlayışına münasibəti də çoxmənalıdır. Anarın ümumi şəkildə "Xatirə" kimi təqdim etdiyi hadisələr və faktlar əsasən, onun şərəflə yaşadığı Azərbaycan ədəbi-ictimai mühitindən alınmış əhvalatlar və məlumatlar olduğu üçün ədəbiyyat tarixinin və ədəbi tənqidin üzvi tərkib hissəsi kimi qəbul edilə bilər. Yəni Anarın təqdim etdiyi "xatirə"lər həyat hekayələrindən çox, əksər hallarda həm də ədəbiyyat tarixi hadisəsi, yaxud ədəbi tənqidin qənaətləridir. Anarın qüdrəti ondadır ki, o, bədii düşüncəni elm və ədəbiyyatşünaslıq miqyasında mənalandıra bildiyi kimi, ədəbiyyat tarixi faktını və hadisəsini də yüksək səviyyədə bədiiləşdirməyi bacarır. Əslində burada "bacarır" sözü əvəzinə "ustadıdır" ifadəsini yazmaqla yuxarıdakı fikri belə ifadə etmək daha doğru və elmidir: Xalq yazıçısı Anar bədii düşüncəni ədəbiyyatşünaslıq miqyasında təqdim etməyin, ədəbiyyat tarixinin və ya ədəbi tənqidinin faktları və hadisələrini (həm də şəxsiyyətlərini) isə ədəbiyyat səviyyəsində bədiiləşdirməyin ustadıdır. "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı yuxarıda qeyd etdiyim hər iki aspektin üzvi sintezindən və vəhdətindən yaranmış orijinal ədəbiyyat hadisəsidir. Rəqəmsal şəkildə "2=3+4" formatında təqdim edilmiş əsər janr baxımından sənədli romandır.