☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunda “Xəzan” ədəbi-bədii jurnalı müzakirə olunub

23.11.2026 | 15:00

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin təşkilatçılığı ilə “Xəzan” ədəbi-bədii jurnalının müzakirəsi keçirilib. Tədbir “Ədəbi proseslərin publisistik mənzərəsi ‘Xəzan’ jurnalında” mövzusuna həsr olunub.

Tədbiri Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd açıb. O, “Xəzan” jurnalının mətbuat və ədəbiyyat tariximizdəki rolu, janr rəngarəngliyi və geniş oxucu auditoriyasına malik olmasını vurğulayıb. Belə müzakirələrin gələcək inkişafa töhfəsindən söz açıb.

​ Sonra Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva “Bahar nəfəsli “Xəzan” jurnalı” adlı məruzə edib. Məruzədə bildirib ki, “Xəzan” jurnalının apardığı ideoloji xətt Azərbaycan xalqının milli, tarixi, ədəbi və mədəni inkişafına təkan vermək, dövlətçilik ənənələrimizi qorumaqdır. Jurnalın həyata keçirdiyi bu humanist missiyanın içərisində geniş oxucu auditoriyasına tanış olan müəlliflərlə yanaşı, həm də respublikamızın ayrı-ayrı bölgələrində yaşayan şair və yazıçıların, elm və sənət adamlarının təmsil olunduğu yeni imzaların aşkara çıxarılması və ictimaiyyətə təqdim olunması da mühüm yer tutur... “Xəzan” jurnalının nəşrə başlamasından çox vaxt keçməsə də o, həm respublikada, həm də xarici ölkələrdə yaşayan müəlliflərin əsərlərini çap edir, eyni zamanda həmin ölkələrdə  internet üzərindən oxuna bilir”.

​ Görüşdə qonaqlardan şairlər Zeynəb Cəmaləddin “Xəzan’ jurnalında poeziya və tərcümə”, Zaur Ustac “İnternet resursları üzərindən ‘Xəzan’ jurnalının əhatə genişliyi”, Mahir Cavadlı “‘Xəzan’ jurnalının iş prinsipi”, Xuraman Zakirqızı “‘Xəzan’ jurnalı ilə əməkdaşlığın səmərəliliyi” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin, yazıçılar Əzizağa Elsevər və Əlisəfa Ağayev də jurnalın müasir Azərbaycan ədəbiyyatı və mətbuatındakı rolundan danışıblar.

Tədbirdə Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları, aparıcı elmi işçilər Rauf Sadıxov və Gülnar Səma, elmi işçi Şahanə Köçərli, kiçik elmi işçi Hacıməhəmməd Mahmudov, laborant Kəminə Dadaşova çıxış edərək belə bir müzakirənin müasir ədəbi prosesi daha yaxından izləmək baxımından xüsusi önəm daşıdığını vurğulayıblar.

Sonda jurnalın baş redaktoru, yazıçı Əli bəy Azəri “Ədəbi proseslərin publisistik mənzərəsi ‘Xəzan’ jurnalında” mövzusunda çıxış edib. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə və Ədəbiyyat İnstitutuna ədəbiyyata göstərdiyi diqqət və qayğıya görə təşəkkür ünvanlayıb.