AMEA prezidenti İsa Həbibbəyli "Anadolu Məktəbi" layihəsinin iştirakçıları ilə görüşüb
7.10.2026 | 10:40AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin "Anadolu Məktəbi" layihəsi çərçivəsində reallaşan "Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə Birgə Mütaliə Proqramı"nın iştirakçıları ilə görüşüb.
Görüşdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, "Anadolu Məktəbi" Vəqfinin Müvəkkillər Heyətinin üzvü Məhəmməd Hakan Tanrıövər, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Gökhan Seyhan, "Anadolu Məktəbi" Müəllif Mütaliə Proqramının beynəlxalq koordinatoru Səlcuq Çinar, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri və gənc alimləri, Türkiyədən gəlmiş universitet tələbələri iştirak ediblər.
Proqram iştirakçıları əvvəlcə AMEA Rəyasət Heyətinin binası və Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zal ilə tanış olublar.
Görüşdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən ətraflı bəhs edib. AMEA rəhbəri bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirlər və çap edilən fundamental monoqrafik nəşrlər barədə qonaqlara məlumat verib.
Sonra çıxış edən "Anadolu Məktəbi"nin Himayəçilər Şurasının üzvü Məhəmməd Hakan Tanrıövər tarixi qurultay və burada aparılan elmi müzakirələr barədə danışıb, əhəmiyyətini diqqətə çatdırıb.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Gökhan Seyhan çıxışında tədbirin əhəmiyyətindən danışıb, görüş iştirakçılarına təşəkkürünü bildirib. O, ortaq gələcəyin məhz ortaq ədəbiyyatı mütaliə edən və bu zəngin irsdən bəhrələnən gənclər vasitəsilə formalaşacağını vurğulayıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva çıxış edərək Birinci Türkoloji Qurultayın keçirildiyi İsmailiyyə binasının tarixi haqqında ətraflı məlumat verib.
Ankara Yıldırım Bəyazit Universitetinin tələbəsi Rumeysa İrmak isə çıxışında türkiyəli tələbələrin Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi bina və zal ilə tanışlıqdan məmnun olduqlarını dilə gətirib.
Tədbirdə Azərbaycan və Türkiyə arasında elmi-ədəbi əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, iki qardaş ölkə arasında mövcud olan birlik və həmrəyliyin möhkəmləndirilməsində elm və ədəbiyyatın xüsusi rolu vurğulanıb, belə layihələrin Türk dünyasında ortaq ədəbi və mədəni dəyərlərin təbliği, gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.