“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzində Türkman alimlərlə görüş keçirilib
7.10.2026 | 15:00“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzində Kərkükdən gələn alimlərlə görüş keçirilib. Professor Faruq Faiq Köprülü, Dr.Sabah Abdullah Kərküklü, Dr.Ümid Osman Köprülü və misirli alim Əhməd Tarabekin iştirak etdiyi tədbiri giriş sözü ilə “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev açaraq qonaqları salamlayıb. Natiq çıxışında qeyd edib ki, Kərkükdən gələn alim və ziyalılarla görüş, onların fikirlərinin eşidilməsi elmi əlaqələrimizin inkişafına xüsusi təkan verir, həm İraqda, həm Azərbaycanda türkman irsi ilə bağlı aparılan tədqiqatlarla bağlı fikir mübadilələrinin aparılması işin müsbət tərəflərindəndir. Orxan İsayev qeyd edib ki, ortaq layihələrin reallaşdırılması, türkman irsinin tədqiqi və təbliği işində İraqda yaşayan alimlərlə əməkdaşlıq gələcəkdə bu məsələlərin daha da genişlənməsinə, türkman irsinin daha da dərin öyrənilməsinə təkan verəcək.
Tədbir zamanı çıxış edən Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Kərkükdən gələn alimləri Azərbaycanda görməkdən çox şad olduğunu vurğulayıb. Uzun illər bu sahədə tədqiqat aparan Qəzənfər Paşayev bu gün də elmi əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluğunu ifadə edib. Professor qeyd edib ki, Azərbaycanda yeni fəaliyyətə başlamış “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin bu istiqamətdə uğurlu olacağına, Azərbaycanla türkman soydaşlarımızın elmi, ədəbi-mədəni əlaqələrinin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.
“Türkman Kültürü” jurnalının baş redaktoru Dr.Sabah Abdullah Kərküklü belə bir tədbiri təşkil etdiyi üçün “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayevə və Mərkəzin kollektivinə təşəkkür edib. Sabah Kərküklü son illərdə İraqda türkmanlarla bağlı aparılan elmi tədqiqatlara toxunub, baş redaktoru olduğu jurnalın fəaliyyəti ilə tədbir iştirakçılarını tanış edib.
Professor Faruq Faiq Köprülü çıxışı zamanı son illər Azərbaycan ədəbiyyatı haqqında yazdığı kitablar barədə məlumat verib, Rəsul Rza haqqında yazdığı kitabı qonaqlara təqdim edib. F.F.Köprülü yaxın günlərdə Bakıda həmin kitabın təqdimat mərasiminin də keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Ümid Osman Köprülü çıxışı zamanı İraqda bir zamanlar türkmanların çəkdiyi ağrı-acılardan danışıb, Səddam rejimi tərəfindən qardaşının 20 il, özünün isə 7 il həbs cəzası çəkdiyini diqqətə çatdırıb. Azərbaycanla əlaqələrin genişlənməsindən və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.
Misirli türkmanşünas Əhməd Tarabek çıxışı zamanı türkmanların Yaxın Şərq ölkələrinə köç etməsi tarixindən danışıb, tədbir iştirakçılarını Misirdə türkman irsi ilə bağlı aparılan tədqiqatlarla tanış edib.
Daha sonra “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva, fəlsəfə üzrə fəlsəfə doktoru, şərqşünas Elnur Mustafayev, filologiya elmləri doktoru Esmira Fuad, “Əbədi birlik” İctimai Birliyinin sədri Şahin Əliyev, AMEA əməkdaşı Elnur Eltürk və digər qonaqlar çıxış edib, türkman alimlərinin Azərbaycana səfər etmələrinin önəmli olduğunu bir daha qeyd ediblər.
Daha sonra tədbir fikir mübadilələri ilə davam edib.