☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Görkəmli Ədəbiyyatşünas alim Qurban Bayramov vəfat etdi

02.11.2026 | 11:10

Azərbaycan Yazıçlar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü, Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Fərman oğlu Bayramov bu gün səhər saatlarında vəfat edib.

1946-cı ilin 30 mayında Ağdam rayonunun Əlimədətli kəndində dünyaya gələn Qurban Bayramov əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunda çalışıb. 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə edib. Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı olub.

“Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.)”, “Tarixilik və müasirlik” – “Sosialist realizmi müasir mərhələdə” kitabında (kollektiv), “Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq” (Jalə Qurbanqızı ilə birlikdə), “Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya)”, “Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya)”, “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə)”, “Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə)”, “Yaşar Qarayev: Azərbaycan istiqlalı - yaxın və uzaq tarixlər... (Jalə Qurbanqızı ilə birlikdə)” və başqa kitabların, ümumilikdə 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.

Allah rəhmət etsin!