Kolumbiyada azərbaycanlı ədəbiyyatşünas alimin süni intellekt kontekstində məruzəsi dinlənilib
28.09.2026 | 14:00AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Maral Yaqubova 16-18 sentyabr 2026-cı il tarixlərində Kolumbiyanın Boqota şəhərində keçirilmiş “Səyyar nəzəriyyələr:Mərkəzi-Şərqi Avropa ilə İbero-Amerika dünyası arasında humanitar elmlər üzrə dialoqlar” adlı beynəlxalq konqresdə iştirak edib. Karo və Kuervo adına Kolumbiyanın Dil, Ədəbiyyat və Mədəniyyət elmi-tədqiqat institutu və Kolumbiya Milli Universiteti tərəfindən təşkil olunmuş konqres 1926-cı ildə əsası qoyulmuş Praqa məktəbinin 100 illiyinə həsr edilib. Kolumbiya, Braziliya, İspaniya, Argentina, Uruqvay, Çexiya, ABŞ-dan humanitar elmlərin müxtəlif istiqamətləri üzrə sahə mütəxəssisləri və tədqiqatçıların iştirak etdiyi konqresdə əsas mövzu Praqa Məktəbinin yüzillik irsinə retrospektiv baxış olsa da, müasir humanitar elmlər, dil, ədəbiyyat, estetika və texnologiya ilə bağlı aktual müzakirələrdə diqqət mövzunun yenidən şərhinə yönəldilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimi Maral Yaqubova konqresdə “Süni intellekt çərçivəsində struktur-sistem-məna modelinin yenidən düşünülməsi: metodoloji və epistemoloji perspektivlər” mövzusunda onlayn məruzə ilə çıxış edib. Məruzədə strukturalizmin Moskva-Praqa-Paris təcrübəsinin süni intellekt kontekstində yenidən dəyər qazanması, nəzəri modellərin rəqəmsal mühitdə transformasiyası və humanitar elmlərin yeni texnoloji reallıqlar qarşısında metodoloji mövqeyi məsələləri diqqət mərkəzində olub.