Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Filoloq alim: “Süni intellekt və rəqəmsal texnologiyaların inkişafı Azərbaycan ədəbi irsinin öyrənilməsində yeni mərhələnin əsasını qoyur”

07.08.2026 | 14:00

Müsahibimiz Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Mərmərə Universitetində elmi ezamiyyətdə olmuş, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevadır.

– Zakirə xanım, 2026-cı ilin iyul ayında Türkiyənin Mərmərə Universitetində elmi ezamiyyətdə oldunuz. Bu səfərin əsas məqsədi nə idi və ezamiyyət çərçivəsində hansı fəaliyyətləri həyata keçirdiniz?

– Ezamiyyətin əsas məqsədi Türkiyənin Mərmərə Universitetinin Nüfus və Sosial Araşdırmalar İnstitutunun nəzdində fəaliyyət göstərən Humanities DataLab laboratoriyasının iş prinsipləri ilə yaxından tanış olmaq, rəqəmsal humanitar elmlər sahəsində tətbiq edilən müasir texnologiyaları öyrənmək, süni intellekt əsaslı elmi layihələrin hazırlanması və icrası mexanizmlərini araşdırmaq, eləcə də gələcək elmi əməkdaşlıq və birgə tədqiqat imkanlarını qiymətləndirmək idi. 13-18 iyul 2026-cı il tarixlərini əhatə edən ezamiyyət müddətində laboratoriyanın fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq layihələr, rəqəmsal humanitar elmlər üzrə istifadə olunan metodologiyalar və tədqiqat infrastrukturu ilə yaxından tanış oldum. Eyni zamanda, laboratoriyanın müxtəlif ölkələrin elmi-tədqiqat müəssisələri ilə qurduğu əməkdaşlıq modeli, layihələrin idarə olunması mexanizmləri və tədqiqat nəticələrinin praktik tətbiqi barədə ətraflı məlumat əldə etdim. Bu səfər həm rəqəmsal humanitar elmlər və süni intellekt sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, həm də gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi və qarşılıqlı akademik əlaqələrin inkişaf etdirilməsi baxımından olduqca faydalı nəticələrlə yadda qaldı.

– Humanities DataLab laboratoriyasının fəaliyyət istiqamətləri, tədqiqat prioritetləri və həyata keçirdiyi layihələr barədə məlumat verə bilərsinizmi?

– Humanities DataLab laboratoriyasının əsas missiyası rəqəmsal texnologiyalarla humanitar elmlər arasında metodoloji körpü yaratmaq, rəqəmsal humanitar elmlərin inkişafına töhfə vermək, süni intellekt əsaslı tədqiqat yanaşmalarını təşviq etmək və fənlərarası elmi əməkdaşlıq mühitini genişləndirməkdir. Laboratoriyada tarix, ədəbiyyat, sosiologiya, coğrafiya və informasiya texnologiyaları kimi müxtəlif sahələri birləşdirən innovativ tədqiqatlar həyata keçirilir.

Fəaliyyət istiqamətləri sırasında tarixi mətnlərin rəqəmsal analizi, mətnlərdə şəxs-məkan-zaman əlaqələrinin müəyyənləşdirilməsi, Coğrafi İnformasiya Sistemlərinin (CİS) humanitar tədqiqatlara inteqrasiyası, süni intellekt əsasında məlumatların avtomatik təsnifatı, semantik təhlili və vizuallaşdırılması, eləcə də açıq elmi məlumat bazalarının və rəqəmsal platformaların yaradılması xüsusi yer tutur. Bununla yanaşı, laboratoriya beynəlxalq elmi-tədqiqat mərkəzləri ilə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşkili, tədqiqatçıların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və rəqəmsal humanitar elmlər sahəsində yeni metodoloji yanaşmaların hazırlanması istiqamətində də mühüm fəaliyyət göstərir.

– Bəs Humanities DataLab laboratoriyasında icra olunan layihələr çərçivəsində hansı istiqamətlər sizin üçün daha maraqlı oldu? Bu layihələrin elmi və texnoloji əhəmiyyətini necə qiymətləndirirsiniz?

–Ezamiyyət çərçivəsində laboratoriyada həyata keçirilən bir sıra innovativ layihələrlə tanış olmaq imkanı əldə etdim. Onların arasında “Istanbul Time Machine” və “Osmanlı Mecmualarının Dijitalleştirilmesi Projesi” xüsusi maraq doğurdu. Hər iki layihə üzrə mütəxəssislərin təqdimatlarını dinlədim, layihələrin elmi konsepsiyası, istifadə olunan texnoloji həllər və tətbiq olunan metodologiyalar barədə ətraflı məlumat aldım. Bu layihələrdə süni intellekt, böyük verilənlər (Big Data), rəqəmsal arxiv texnologiyaları, mətn analitikası və Coğrafi İnformasiya Sistemləri (GIS) kimi müasir yanaşmaların humanitar tədqiqatlara uğurla inteqrasiya edilməsi diqqətimi xüsusilə cəlb etdi.

Bundan başqa, layihələr çərçivəsində əlyazmaların və tarixi sənədlərin avtomatik transkripsiyası, Osmanlı türkcəsində yazılmış mətnlərin rəqəmsallaşdırılması və semantik analizi, tarixi şəxs-məkan-zaman əlaqələrinin müəyyənləşdirilməsi, məkan məlumatlarının interaktiv xəritələr üzərində vizuallaşdırılması və tarixi hadisələrin rəqəmsal modelləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu yanaşmalar tədqiqat prosesini daha sistemli və səmərəli etməklə yanaşı, tarixi-mədəni irsin müasir texnologiyalar vasitəsilə qorunması və gələcək nəsillərə çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

Qeyd etmək istərdim ki, bu layihələr yalnız universitet daxili təşəbbüslər deyil, həm də geniş beynəlxalq əməkdaşlıq şəbəkəsinin tərkib hissəsidir. Onlar Horizon Europe proqramı çərçivəsində Avropa İttifaqının, UNESCO-nun mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslərinin, TÜBİTAK-ın, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türk Dövlətləri Təşkilatının elmi proqramlarının, eləcə də Europeana Time Machine Organisation ilə tərəfdaşlıq mexanizmlərinin maliyyə və institusional dəstəyi ilə həyata keçirilir. Bu kimi beynəlxalq əməkdaşlıq layihələrin həm elmi keyfiyyətini, həm də praktik əhəmiyyətini artıraraq rəqəmsal humanitar elmlərin qlobal inkişafına mühüm töhfə verir.

– “Osmanlı Mecmualarının Dijitalleştirilmesi Projesi”nin əsas məqsədi və elmi əhəmiyyəti nədən ibarətdir? Bu layihənin başlıca üstünlüklərini necə qiymətləndirirsiniz?

– “Osmanlı Mecmualarının Dijitalleştirilmesi Projesi”nin əsas üstünlüyü süni intellekt və müasir rəqəmsal texnologiyaların tətbiqi ilə yüzlərlə tarixi mənbənin, əlyazmanın və dövri nəşrin sistemli şəkildə rəqəmsallaşdırılması, qorunması və elmi dövriyyəyə cəlb edilməsidir. Layihə çərçivəsində tarixi sənədlər yüksək dəqiqliklə rəqəmsal formata köçürülür, optik simvol tanınması (OCR) və süni intellekt əsaslı mətn emalı texnologiyaları vasitəsilə onların avtomatik transkripsiyası və indeksləşdirilməsi həyata keçirilir.

Bunun nəticəsində tədqiqatçılar rəqəmsallaşdırılmış mətnləri həm orijinal Osmanlı qrafikasında, həm də latın əlifbasına çevrilmiş formada oxumaq, açar sözlər və mövzular üzrə sürətli axtarış aparmaq, müxtəlif mətnləri müqayisə etmək, semantik əlaqələri müəyyənləşdirmək və geniş analitik tədqiqatlar həyata keçirmək imkanı əldə edirlər. Ənənəvi üsullarla aylarla davam edən bir çox tədqiqat prosesi bu texnologiyalar sayəsində qısa müddətdə və daha yüksək dəqiqliklə icra olunur.

– “Istanbul Time Machine” layihəsini necə qiymətləndirirsiniz? Bu layihənin elmi və texnoloji baxımdan əsas üstünlükləri nələrdir?

– “Istanbul Time Machine” layihəsi Humanities DataLab laboratoriyasının hazırda həyata keçirdiyi ən böyük və strateji əhəmiyyət daşıyan tədqiqat layihələrindən biridir. Layihənin əsas məqsədi İstanbul şəhərinin tarixi inkişafını müxtəlif dövrlər üzrə dördölçülü (4D) rəqəmsal model şəklində yenidən qurmaq və şəhərin zaman-məkan dinamikasını rəqəmsal mühitdə əks etdirməkdir. Bu məqsədlə tarixi xəritələr, Osmanlı arxiv sənədləri, əlyazmalar, qədim fotoşəkillər, memarlıq planları, əhali statistikası və digər çoxşaxəli məlumat mənbələri vahid rəqəmsal platformada inteqrasiya edilir.

Layihənin əsasını təşkil edən Dinamik Məkan-Zaman Modeli istifadəçilərə şəhərin müxtəlif tarixi mərhələlərdə necə formalaşdığını, yaşayış məntəqələrinin, memarlıq abidələrinin, nəqliyyat şəbəkəsinin və sosial-mədəni mühitin zamanla necə dəyişdiyini interaktiv şəkildə izləməyə imkan verir. Süni intellekt, böyük verilənlərin analizi (Big Data), Coğrafi İnformasiya Sistemləri (GIS) və üçölçülü modelləşdirmə texnologiyalarının birgə tətbiqi layihənin elmi yeniliyini və dəyərini daha da artırır.

– Zakirə xanım, bu layihələrin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, bu ezamiyyət çərçivəsində əldə etdiyim təcrübə və tanış olduğum layihələr AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gələcək elmi fəaliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə rəqəmsal ədəbiyyatşünaslıq, ədəbi-mədəni irsin rəqəmsallaşdırılması, əlyazmaların və tarixi mətnlərin süni intellekt texnologiyaları vasitəsilə təhlili, semantik məlumat bazalarının yaradılması, interaktiv xəritələrin hazırlanması və açıq elmi informasiya sistemlərinin formalaşdırılması istiqamətlərində burada tətbiq olunan metodoloji yanaşmalardan geniş şəkildə faydalanmaq mümkündür.

Xüsusilə “Istanbul Time Machine” layihəsində tətbiq edilən metodoloji və texnoloji həllər Azərbaycan ədəbi və mədəni irsinin rəqəmsal mühitdə sistemli şəkildə təqdim olunması üçün uğurlu nümunə hesab edilə bilər. Bu yanaşmalar əsasında gələcəkdə görkəmli Azərbaycan yazıçı və şairlərinin həyat və yaradıcılığı, tarixi-mədəni məkanlar, ədəbi mühitlər və ədəbi proseslər məkan-zaman kontekstində rəqəmsal platformalarda vizuallaşdırıla bilər. Bu isə elmi tədqiqatların keyfiyyətini artırmaqla yanaşı, həm də Azərbaycan ədəbi irsinin beynəlxalq elmi ictimaiyyətə daha müasir və əlçatan formada təqdim edilməsinə imkan yaradacaq.

– Humanities DataLab laboratoriyasında çalışan alim və mütəxəssislər, onların fəaliyyəti barədə təəssüratlarınızı bölüşə bilərsinizmi?

– Humanities DataLab laboratoriyasının ən diqqətçəkən xüsusiyyətlərindən biri onun fənlərarası tədqiqat modelinə əsaslanmasıdır. Burada tarixçilər, ədəbiyyatşünaslar, məlumat analitikləri (data scientists), kompüter mühəndisləri, süni intellekt üzrə tədqiqatçılar, Coğrafi İnformasiya Sistemləri (CİS) və məkan analitikası üzrə mütəxəssislər, eləcə də Osmanlı paleoqrafiyası və əlyazmaların rəqəmsallaşdırılması sahəsində çalışan ekspertlər vahid komanda kimi fəaliyyət göstərirlər. Müxtəlif elmi istiqamətləri təmsil edən mütəxəssislərin birgə işi rəqəmsal humanitar elmlər sahəsində innovativ layihələrin hazırlanması və mürəkkəb elmi problemlərin kompleks şəkildə həlli üçün əlverişli şərait yaradır.

Onu da qeyd edim ki, laboratoriyaya rəqəmsal humanitar elmlər və rəqəmsal şəhər tarixi üzrə tanınmış mütəxəssis dr. Fatma Aladağ rəhbərlik edir. Onun elmi fəaliyyəti əsasən rəqəmsal humanitar elmlər, məlumatların vizuallaşdırılması, rəqəmsal texnologiyaların tarixi tədqiqatlara inteqrasiyası, CİS vasitəsilə tarixi məlumatların xəritələşdirilməsi və məkan təhlili metodlarının tətbiqinə yönəlib. Ezamiyyət müddətində onun rəhbərliyi ilə həyata keçirilən layihələrin elmi-metodoloji əsasları ilə yaxından tanış olmaq mənim üçün çox faydalı oldu.

Laboratoriyada çalışan digər tədqiqatçılar da öz ixtisas sahələri üzrə maraqlı və aktual layihələr həyata keçirirlər. Serpil Özcan İstanbul təkkələrinin şəbəkə analizi, coğrafi yayılması və sufi irsinin rəqəmsal metodlarla öyrənilməsi istiqamətində araşdırmalar aparır. Arif Yasin Kavdır psixologiya, koqnitiv elm, məlumat analitikası və süni intellekt sahələrini birləşdirən tədqiqatlar üzərində çalışır. Elif Derin Osmanlı türkcəsi, paleoqrafiya və avtomatik əlyazma tanınması (HTR) texnologiyalarının tətbiqi ilə məşğuldur. Reyta Akdeniz tarixi xəritələrin maşın öyrənməsi metodları ilə təhlili istiqamətində fəaliyyət göstərir. Mahmut Enes Akten Osmanlı dövrü qəzetlərində vizual materialların avtomatik aşkarlanması, təsnifatı və təhlilinə həsr olunmuş Vizual Mətbuat Analitikası layihəsinə rəhbərlik edir. Cenkay Uyan tarixi obyektlərin və şəhər mühitinin üçölçülü (3D) vizuallaşdırılması istiqamətində fəaliyyət göstərir. Ayşe Gül Akkoyun isə hüquq, rəqəmsal texnologiyalar və rəqəmsal etika sahələrində elmi tədqiqatlar aparır.

– Ezamiyyət müddətində gələcək elmi əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi ilə bağlı hansı məsələlər müzakirə olundu?

– Bəli, ezamiyyət müddətində gələcək elmi əməkdaşlıq imkanları da geniş müzakirə olundu. Humanities DataLab laboratoriyasının rəhbərliyi və tədqiqatçıları ilə keçirilən görüşlər zamanı rəqəmsal humanitar elmlər və süni intellekt sahəsində birgə tədqiqatların aparılması, qarşılıqlı elmi təcrübə mübadiləsinin təşkili, beynəlxalq qrant layihələrində birgə iştirak, eləcə də seminar, konfrans və təlim proqramlarının keçirilməsi istiqamətində fikir mübadiləsi apardıq. Eyni zamanda, Azərbaycanın ədəbi-mədəni irsinin rəqəmsallaşdırılması, tarixi mətnlərin süni intellekt vasitəsilə təhlili, açıq elmi məlumat bazalarının yaradılması və rəqəmsal platformaların hazırlanması kimi istiqamətlərdə geniş fikir mübadiləsi aparıldı.

Görüşlər zamanı laboratoriyada çalışan mütəxəssislərin təqdimatlarını dinləmək, layihələrin hazırlanma mərhələləri ilə yaxından tanış olmaq və onlarla elmi müzakirələr aparmaq imkanım oldu. Xüsusilə diqqətimi cəlb edən məqamlardan biri tarix, ədəbiyyat, informasiya texnologiyaları, süni intellekt və məlumat analitikası kimi müxtəlif sahələrin vahid tədqiqat platformasında uğurla birləşdirilməsi idi. Hesab edirəm ki, məhz bu fənlərarası əməkdaşlıq modeli laboratoriyanın həyata keçirdiyi layihələrin uğurunu şərtləndirən əsas amillərdən biridir.

İnanıram ki, bu ezamiyyət zamanı qurulan elmi əlaqələr gələcəkdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Mərmərə Universitetinin Humanities DataLab laboratoriyası arasında əməkdaşlığın daha da genişlənməsinə, birgə elmi layihələrin həyata keçirilməsinə və rəqəmsal humanitar elmlər sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə mühüm töhfə verəcəkdir.

– Ezamiyyətin sonunda gələcək əməkdaşlığın inkişafı istiqamətində hansı konkret addımlar atıldı və hansı razılaşmalar əldə olundu?

– Ezamiyyətin son günündə Humanities DataLab laboratoriyasının rəhbərliyi və əməkdaşları ilə gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Görüş zamanı rəqəmsal humanitar elmlər və süni intellekt sahəsində birgə elmi layihələrin hazırlanması, beynəlxalq qrant proqramlarında birgə iştirak, eləcə də seminar, konfrans və digər elmi tədbirlərin təşkili ilə bağlı müzakirələr aparıldı. Tərəflər qarşılıqlı maraq doğuran elmi istiqamətlər üzrə əlaqələrin davam etdirilməsinin və institusional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.

Səfərin yekununda yaradılmış elmi mühitə, göstərilən qonaqpərvərliyə və məhsuldar əməkdaşlığa görə Mərmərə Universitetinin rəhbərliyinə, eləcə də Humanities DataLab laboratoriyasının əməkdaşlarına rəhbərlik etdiyim şöbə adından təşəkkürümü bildirdim. Eyni zamanda, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrlərini – dördcildlik “Nizami Gəncəvi” almanaxını, professor Asif Rüstəmli tərəfindən transfoneliterasiya olunmuş “Milli nəğmələr” toplusunu, Abdulla Şaiqin “Türk çələngi” əsərinin yeni nəşrini, eləcə də Azərbaycanın zəngin mədəni irsini və Qarabağ torpaqlarına dair xatirə hədiyyələrini həmkarlarımıza təqdim etdim.

– Sizcə, bu ezamiyyətin ən mühüm nəticəsi nə oldu? Əldə etdiyiniz təcrübə gələcək elmi fəaliyyətinizə və institutun inkişafına necə təsir göstərəcək?

– Qeyd etdiyim kimi, bu ezamiyyətin ən mühüm nəticəsi rəqəmsal humanitar elmlər və süni intellekt sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, yeni elmi əlaqələrin qurulması üçün etibarlı zəminin formalaşdırılması oldu. Səfər çərçivəsində tanış olduğum elmi yanaşmalar, innovativ texnologiyalar və fənlərarası əməkdaşlıq modeli rəqəmsal humanitar elmlərin inkişafının müasir istiqamətlərini daha dərindən dərk etməyə imkan verdi.

İnanıram ki, əldə etdiyim yeni biliklər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda həyata keçirilən rəqəmsal transformasiya proseslərinə, xüsusilə “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” istiqamətində aparılan elmi tədqiqatların inkişafına mühüm töhfə verəcək. Bu təcrübədən istifadə etməklə Azərbaycan ədəbi-mədəni irsinin rəqəmsallaşdırılması, tarixi mətnlərin süni intellekt vasitəsilə təhlili, açıq elmi məlumat bazalarının yaradılması, rəqəmsal platformaların hazırlanması və beynəlxalq standartlara uyğun yeni elmi layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaranacaq.

www.science.gov.az